QAN YADDAŞI
Pekində keçirilən anım mərasimində Xocalı faciəsinin acı nəticələrindən danışılıb VİDEO
Pekin, 25 fevral, AZƏRTAC
Azərbaycanın Çin Xalq Respublikasındakı (ÇXR) səfirliyində Xocalı faciəsinin ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Çində yaşayan soydaşlarımızın və azərbaycanlı tələbələrin iştirak etdikləri tədbirdə əvvəlcə Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Səfir Lətif Qəndilov XX əsrdə bəşəriyyətə qarşı törədilmiş ən böyük cinayətlərdən olan Xocalı soyqırımı haqqında danışaraq bildirib ki, “Böyük Ermənistan” dövləti yaratmaq kimi xəstə xülyanın əsiri olmuş erməni millətçilərinin xalqımıza qarşı törətdikləri bu növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadının, 63 uşağın, 70 qocanın həyatına son qoyub. Faciə zamanı insanlar xüsusi qəddarlıqla öldürülüb, diri-diri yandırılıb, başlarının dərisi soyulub, bədən əzaları və başları kəsilib, gözləri çıxarılıb, hamilə qadınların qarnı süngü ilə deşik-deşik edilib.
Xocalı soyqırımının əvvəlcədən planlı şəkildə hazırlandığını, bu məqsədlə xüsusi hərbi və psixoloji təlim keçmiş millətçilərdən istifadə olunduğunu bildirən səfir sonradan Ermənistanda yüksək vəzifə tutmuş şəxslərin Xocalıda törədilmiş ağlasığmaz cinayətləri etiraf etdiklərini diqqətə çatdırıb. Buna baxmayaraq həmin şəxslər öz hüquqi və mənəvi cəzadan hələ ki yayına biliblər.
Qeyd olunub ki, Azərbaycan hökuməti erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir. Elə bu siyasətin nəticəsidir ki, bir neçə ölkə və beynəlxalq təşkilat Xocalı hadisələrini soyqırımı aktı kimi tanıyıb.
Səfir Lətif Qəndilov Çin ictimaiyyətinin Xocalı hadisələri barədə məlumatlandırılması istiqamətində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində 4 il əvvəl Çin dilində Xocalı faciəsi haqqında yaradılan saytın fəaliyyətinin əhəmiyyətini vurğulayıb.
Sonda Xocalı hadisələrindən bəhs edən videofilm nümayiş etdirilib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin