CƏMİYYƏT


Penitensiar Xidmətdə cari ilin birinci yarısının yekunları müzakirə edilib

A+ A

Bakı, 1 avqust, AZƏRTAC

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2016-cı ilin birinci yarısındakı fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş müşavirə keçirilib.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, müşavirədə qurumun rəhbərliyi və tabeli qurumların rəis heyəti iştirak edib.

Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi, ədliyyə general-mayoru Ceyhun Həsənov tədbirdə çıxış edərək Nazirlər Kabinetinin Prezident İlham Əliyevin sədrliyi ilə iyulun 10-da keçirilmiş iclasında qaldırılan məsələlərlə bağlı ədliyyə orqanlarının üzərinə düşən vəzifələrin icrası istiqamətində bir sıra kompleks tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu bildirib. Qeyd olunub ki, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə qəbul edilmiş, 10 minədək məhkumu əhatə edən, o cümlədən 3500 nəfərin azadlıqdan məhrumetmə yerlərindən azad edilməsini nəzərdə tutan Milli Məclisin 2016-cı il 20 may tarixli Amnistiya Qərarı Penitensiar Xidmət üzrə 2800-ə yaxın məhkuma tətbiq edilib. İndiyədək 2500-dən artıq məhkum cəzadan azad olunub. Hazırda Qərarın icrası davam etdirilir.

Xidmətin rəis müavini, ədliyyə polkovniki Oqtay Məmmədov qurumun ilin birinci yarısındakı fəaliyyətinin yekunlarına dair hesabat məruzəsi ilə çıxış edib. Məruzəçi qurumun fəaliyyətini tənzimləyən cəza-icra qanunvericiliyində, digər normativ aktlarda nəzərdə tutulmuş tələblərin, müxtəlif sahələr üzrə uzunmüddətli dövlət proqramlarında, Ədliyyə Nazirliyinin kollegiya qərarlarında əksini tapmış tapşırıqların yerinə yetirilməsi, Penitensiar Xidmətin Baş idarəsi və tabeli qurumların maddi-texniki bazasının inkişaf etdirilməsi, nizam-intizamın möhkəmləndirilməsi, təqsirləndirilən şəxslərin və məhkumların qanunvericiliklə genişləndirilmiş hüquqlarının təmin edilməsi, onların daimi yaşayış yerlərinə yaxın ərazilərdə yerləşdirilməsi, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə institutunun səmərəli fəaliyyətinin təmin edilməsi istiqamətində görülən işlər barədə məlumat verib.

Diqqətə çatdırılıb ki, hesabat dövründə dövlətimizin başçısı tərəfindən 2016-cı il martın 17-də imzalanmış 148 məhkumun əfv edilməsi ilə bağlı sərəncam vaxtında və dürüst icra olunub. Cinayət Məcəlləsinə edilmiş dəyişikliklərlə bağlı Azərbaycan Respublikasının 2016-cı il 6 may tarixli Qanununun icrası davam etdirilir. Qanunun şamil olunduğu şəxslərin dairəsi müəyyənləşdirilib, penitensiar müəssisələrdə cəza çəkən 277 məhkum barədə sənədlər məhkəmələrə təqdim olunub.

Həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində hesabat dövründə 265 mobil telefon, 159 qram müxtəlif narkotik və psixotrop maddələr, 23 litr spirtli içki hazırlanması məqsədilə istifadə olunan qıcqırdılmış maye aşkar edilərək götürülüb. Həmin faktlar üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti hüquq mühafizə orqanlarına təqdim olunub.

Bildirilib ki, digər hüquq mühafizə orqanları ilə qarşılıqlı fəaliyyət nəticəsində 265 müxtəlif cinayətin üstünün açılmasına köməklik göstərilib. Eyni zamanda, vəzifədən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma və digər korrupsiya elementlərinin yaranmasına zəmin olan səbəb və şəraitin aradan qaldırılmasına yönələn konkret tədbirlər görülüb. Pozuntulara yol verən 102 əməkdaş intizam məsuliyyətinə cəlb olunub, 3 əməkdaş tutduğu vəzifədən azad olunub, 7 əməkdaş isə ədliyyə orqanlarından xaric edilib.

Müşavirədə Penitensiar Xidmətin ayrı-ayrı idarə rəisləri və cəzaçəkmə müəssisələrinin rəhbərlərinin çıxışları dinlənilib.

Ədliyyə general-mayoru Ceyhun Həsənov mövcud nöqsan və pozuntulara toxunaraq, məhkumların və təqsirləndirilən şəxslərin hüquqlarının daha etibarlı təmini, əməliyyat-axtarış və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, rejim və davranış qaydalarına dönmədən riayət olunması, qanunsuz əşyaların ötürülməsi və dövriyyəsinin qarşısının alınması məqsədilə preventiv tədbirlərin, habelə nizam-intizamın gücləndirilməsi, islah və tərbiyə işinin səmərəliliyinin artırılması, penitensiar müəssisələrdə istehsalat sahələrinin genişləndirilməsi və kadrlarla işin təkmilləşdirilməsinin Xidmətin fəaliyyətinin yaxşılaşdırılmasına zəmin yaradacağını vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.