CƏMİYYƏT
Penitensiar Xidmətdə orta rəis heyətinə qulluğa qəbul olunan 17 gənc əməkdaşın andiçmə mərasimi keçirilib
Bakı, 2 iyul, AZƏRTAC
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin kadr korpusunun şəffaf prosedurlarla, aşkarlıq şəraitində yüksək hazırlıqlı və zəruri peşə keyfiyyətlərinə malik kadrlarla komplektləşdirilməsi üzrə tədbirlər davam etdirilir.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanunun tələblərinə cavab verən Azərbaycan Respublikasının vətəndaşları könüllülük əsasında, şəxsi keyfiyyətlərinə, fiziki və peşə hazırlığına, sağlamlıq vəziyyətinə və təhsil səviyyəsinə görə Xidmətə qulluğa qəbul olunurlar. Qulluğa qəbul zamanı namizədlər fiziki hazırlıq üzrə xüsusi məqbullar verir, müvafiq müsabiqə və müsahibələrdən keçirlər. Müsabiqə zamanı kompyuter proqramlarını və xarici dilləri bilən, fiziki hazırlıqlı, müasir dünyagörüşünə malik namizədlərə üstünlük verilir. Regionlarda müasir tipli yeni cəzaçəkmə müəssisələrinin istifadəyə verilməsi ilə bağlı həmin müəssisələrin yerləşdiyi ərazidə qeydiyyatda olan gənclər də müsabiqədən uğurla keçdikdə Penitensiar Xidmətin orta və kiçik rəis heyəti sıralarına qəbul olunurlar.
Xidmətə qəbul olunmuş gənc əməkdaşlar ilkin hazırlıq kursunu keçdikdən sonra ənənəvi olaraq Penitensiar Xidmət rəhbərliyinin iştirakı ilə ədliyyə orqanlarında qulluq keçərkən Azərbaycan Respublikasına sadiq olacaqlarına, Konstitusiyamıza dönmədən əməl edəcəklərinə, dövlət və xidməti sirri qoruyacaqlarına, hüquq və vəzifələrini qərəzsiz, vicdanla, qanuna tam uyğun həyata keçirəcəklərinə, ədliyyə işçisinin şərəf və ləyaqətini uca tutacaqlarına and içirlər.
Penitensiar Xidmətdə orta rəis heyətinə qulluğa qəbul olunmuş 17 gənc əməkdaşın andiçmə mərasimi keçirilib.
Xidmətin tarix muzeyində keçirilən tədbirdə ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev yeni fəaliyyətə başlayan əməkdaşları ədliyyə naziri Fikrət Məmmədovun adından təbrik edib. O, Penitensiar Xidmətdə aparılan islahatlar barədə məlumat verib, bu qurumun xüsusiyyətlərini gənclərin nəzərlərinə çatdırıb və gələcək işlərində uğurlar diləyib.
Ədliyyə orqanlarında qulluğa yeni qəbul edilən əməkdaşlar Penitensiar Xidmətin tarix muzeyinə baxış keçirib, xidmətin fəaliyyətinə aid olan eksponatlarla tanış olublar.
Tədbirin sonunda gənc əməkdaşlara xidməti vəsiqələr təqdim edilib.