CƏMİYYƏT


Penitensiar Xidmətdə ötən ilin yekunları müzakirə edilib

Bakı, 28 yanvar, AZƏRTAC

Penitensiar Xidmətdə 2016-cı ilin yekunlarına həsr olunan əməliyyat müşavirəsi keçirilib.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, ədliyyə nazirinin müavini, Xidmət rəisi, ədliyyə general-mayoru Ceyhun Həsənov tədbirdə çıxış edərək yanvarın 10-da Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında qaldırılan məsələlərlə bağlı ədliyyə orqanlarının üzərinə düşən vəzifələrin icrası istiqamətində bir sıra kompleks tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu deyib.

Qeyd olunub ki, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə Milli Məclis tərəfindən qəbul edilmiş və 10 minədək məhkumu əhatə edən Amnistiya Aktı penitensiar müəssisələrdə 3535 məhkuma tətbiq edilib. Onlardan 2901-i cəza çəkməkdən azad edilib, 634 nəfərin çəkilməmiş cəza müddəti altı ay azaldılıb.

Xidmətin rəis müavini, ədliyyə polkovniki Oqtay Məmmədov qurumun 2016-cı il ərzindəki fəaliyyətinin yekunlarına dair hesabat məruzəsi ilə çıxış edib. Məruzəçi fəaliyyəti tənzimləyən cəza-icra qanunvericiliyində, digər normativ aktlarda nəzərdə tutulmuş tələblərin, müxtəlif sahələr üzrə uzunmüddətli dövlət proqramlarında, Ədliyyə Nazirliyinin kollegiya qərarlarında əksini tapmış tapşırıqların yerinə yetirilməsi, Penitensiar Xidmətin Baş İdarəsi və tabeli qurumların maddi-texniki bazasının inkişaf etdirilməsi, nizam-intizamın möhkəmləndirilməsi, təqsirləndirilən şəxslərin və məhkumların qanunvericiliklə genişləndirilmiş hüquqlarının təmin edilməsi, onların daimi yaşayış yerlərinə yaxın ərazilərdə yerləşdirilməsi, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə institutunun səmərəli fəaliyyətinin təmin edilməsi istiqamətində görülən işlər barədə məlumat verib. Bildirilib ki, dövlətimizin başçısı tərəfindən 2016-cı il martın 17-də imzalanmış və 148 məhkumun əfv edilməsi ilə bağlı Sərəncam hesabat dövründə vaxtında və dürüst icra edilib. Cinayət Məcəlləsinə edilmiş dəyişikliklərlə bağlı Azərbaycan Respublikasının 2016-cı il 6 may tarixli qanununun təsiri altına düşən şəxslərin dairəsi müəyyənləşdirilib, müvafiq sənədlər məhkəmələrə təqdim olunub.

Həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində hesabat dövründə 266 mobil telefon, 219,4 qram müxtəlif narkotik və psixotrop maddələr, 45,5 litr qıcqırdılmış maye və spirtli içki aşkarlanaraq götürülüb. Həmin faktlar üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti hüquq-mühafizə orqanlarına təqdim olunub. Digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı fəaliyyət nəticəsində 443 müxtəlif, o cümlədən xüsusilə ağır cinayətlərin üstünün açılmasına kömək göstərilib.

Diqqətə çatdırılıb ki, hesabat dövrü ərzində pozuntulara yol verən 286 əməkdaş intizam məsuliyyətinə cəlb olunub. Yeddi nəfər tutduğu vəzifədən azad edilib, 20 nəfər isə ədliyyə orqanlarından xaric olunub.

Müşavirədə Penitensiar Xidmətin ayrı-ayrı idarə rəisləri və cəzaçəkmə müəssisələrinin rəhbərlərinin çıxışları dinlənilib.

Ədliyyə general-mayoru Ceyhun Həsənov mövcud nöqsan və pozuntulara toxunaraq məhkumların və təqsirləndirilən şəxslərin hüquqlarının daha etibarlı təmini, əməliyyat-axtarış və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, rejim və davranış qaydalarına dönmədən riayət olunması, qanunsuz əşyaların ötürülməsi və dövriyyəsinin qarşısının alınması məqsədilə preventiv tədbirlərin, habelə nizam-intizamın gücləndirilməsi, islah və tərbiyə işinin səmərəliliyinin artırılması, penitensiar müəssisələrdə istehsalat sahələrinin genişləndirilməsi və kadrlarla işin təkmilləşdirilməsinin Xidmətin fəaliyyətinin yaxşılaşdırılmasına zəmin yaradacağını vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.