CƏMİYYƏT
Penitensiar Xidmətdə referenduma hazırlıqla bağlı müşavirə olub
Bakı, 14 avqust, AZƏRTAC
Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi ilə bağlı sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi – referendum ilə əlaqədar ədliyyə nazirinin müavini, Penitensiar Xidmət rəisi, ədliyyə general-mayoru Ceyhun Həsənovun əmri ilə təsdiq edilmiş tədbirlər planının icrası istiqamətində Penitensiar Xidmətin tərbiyə işinin təşkili sahəsində fəaliyyət göstərən əməkdaşların iştirakı ilə müşavirə olub.
Penitensiar Xidmətdən AZƏRTAC-a bildiriblər ki, müşavirədə Referendum Aktı layihəsinin mahiyyəti və əhəmiyyəti, Konstitusiyada 18 maddənin müvafiq hissələrinin çıxarılması, yeni 6 maddənin əlavə edilməsi, 24 maddəyə dəyişiklik olunması barədə penitensiar müəssisələrdə həbs edilmiş şəxslərə və məhkumlara geniş izahat verilməsinin zəruriliyi diqqətə çatdırılıb. Eyni zamanda, mərkəzi və dairə seçki komissiyalarından referendumla bağlı sənədlərin və əyani təbliğat vasitələrinin alınması, maarifləndirmə məqsədilə məlumat guşələrinin, radio və televiziya verilişlərini izləmək üçün müvafiq şəraitin yaradılması, onların Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyənləşdirilmiş vəsiqə nümunələri ilə təmin edilməsi, səs vermək hüququ olan şəxslərin siyahılarının tərtib olunması və vaxtında dairə seçki komissiyalarına göndərilməsi, səsvermə prosesini təşkil edən və müşahidəsini aparacaq şəxslərin penitensiar müəssisələrə daxil olması qaydalarına əməl edilməsi məqsədilə müəssisələrin mühafizəsini həyata keçirən bölük komandirləri ilə treninqlərin keçirilməsinin vacibliyi və müvafiq tədbirlər planında nəzərdə tutulmuş göstərişlər vurğulanıb.
Eyni zamanda, hərbiləşdirilmiş qurumlarda və penitensiar müəssisələrdə səsvermənin qanunvericiliyə uyğun keçirilməsi, səsvermə prosesində iştirak еdəcək məntəqə seçki komissiyası üzvlərinin, müşahidə etmək hüququ olan şəxslərin, hərbi qulluqçuların, həbs olunan şəxslərin və məhkumların təhlükəsizliyinin təmini məqsədilə zəruri tədbirlərin görülməsi, üzərilərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün müvafiq şəraitin yaradılması müşavirə iştirakçılarının nəzərinə çatdırılıb.