CƏMİYYƏT
Penitensiar Xidmətin tabe qurumlarında referenduma hazırlıq işlərinə dair seminar-məşğələ keçirilib
Bakı, 14 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklərlə bağlı sentyabrın 26-na təyin edilmiş referendumla əlaqədar Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Mərkəzi Seçki Komissiyası (MSK) ilə birgə xidmətin tabe qurumlarında (istintaq təcridxanaları və cəzaçəkmə müəssisələri) ümumxalq səsverməsinə hazırlıq işlərinə dair seminar-məşğələ keçirib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Penitensiar Xidmətin rəhbərliyi, Mərkəzi Seçki Komissiyasının (MSK) nümayəndələri, istintaq təcridxanalarının və cəzaçəkmə müəssisələrinin rəisləri, həmin qurumların yerləşdiyi ərazilər üzrə dairə seçki komissiyalarının sədrləri iştirak ediblər.
Penitensiar Xidmətin rəisi, ədliyyə general-mayoru Ceyhun Həsənov Xidmətin tabe qurumlarında referendumla əlaqədar Tədbirlər Planının təsdiqləndiyini, müvafiq qərargahın yaradıldığını, Mərkəzi Seçki Komissiyası, eləcə də dairə seçki komissiyaları ilə işgüzar əlaqələrin qurulduğunu bildirib. Qeyd edib ki, seminar-məşğələ MSK ilə əldə olunmuş razılığa əsasən, ümumxalq səsverməsinin Penitensiar Xidmətin tabe qurumlarında təşkili prosesi ilə əlaqədar cəzaçəkmə müəssisələrinin rəislərinin, səsvermənin təşkilinə bilavasitə məsul olan şəxslərin iştirakı ilə keçirilir. Referendumla əlaqədar Penitensiar Xidmət üzrə istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində 26 seçki məntəqəsi yaradılacaq. Müəssisələrdə səsvermə yerlərinin hazırlanması və təchizatı, məlumat guşələrinin təşkili, məhkumlarla maarifləndirmə işlərinin aparılması istiqamətində ardıcıl tədbirlər görülür. Xidmətin tabe qurumlarında səsvermənin şəffaf şəkildə keçirilməsi tam təmin olunacaq.
MSK-nın katibi Arifə Muxtarova Azərbaycan Respublikasının Konstitusiyasına və Seçki Məcəlləsinə əsasən, istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində olan şəxslərin səsvermə hüquqlarının olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, bir sıra Avropa və MDB ölkələrində məhbusların və istintaq təcridxanasında olan şəxslərin səsvermə hüququ yoxdur. İstintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində səsvermənin təşkili ilə əlaqədar MSK ilə yanaşı, Penitensiar Xidmətin də üzərinə mühüm vəzifə düşür.
A.Muxtarova seminar iştirakçılarına referendumun təşkili və səsvermə proseduru barədə geniş məlumat verib.
MSK Katibliyinin media və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şahin Əsədli isə Mərkəzi Seçki Komissiyasının qəbul etdiyi Təqvim Planında nəzərdə tutulmuş işlərin görüldüyünü deyib.
Seminar-məşğələ müzakirələrlə davam edib.