CƏMİYYƏT


Penitensiar müəssisədə cəzaçəkmə müddəti başa çatmaqda olan şəxslər üçün peşə hazırlığı kursları təşkil olunub

Bakı, 6 iyun, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Ədliyyə Nazirliyinin birgə Tədbirlər Planına uyğun olaraq penitensiar müəssisələrdə peşə hazırlığının təşkili işləri Salyan rayonundakı 5 saylı cəzaçəkmə müəssisəsində davam etdirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, burada cəzaçəkmə müddəti başa çatmaqda olan 28 nəfər şəxs peşə hazırlığı kurslarına cəlb edilib. Müəssisənin nəzdindəki peşə tədrisi bazasında təşkil olunan peşə hazırlığı kurslarında öz seçimlərinə uyğun olaraq, onlardan 14 nəfərinə inşaat rəngsazı, digər 14 nəfərinə isə elektrik-qaz qaynaqçısı peşəsi üzrə bilik və bacarıqlar öyrədilir. Kursların başa çatma vaxtı məhkumluq müddətinin bitməsi ilə eyni vaxta düşəcək və kursları bitirdikdən sonra həmin şəxslərə peşə şəhadətnamələri veriləcək.

Qeyd olunan Tədbirlər Planının icrası işlərinin davamı olaraq, bu il penitensiar müəssisələrdə (o cümlədən Bakı şəhərindəki 6 saylı, 2 saylı, 4 saylı, 7 saylı, 16 saylı cəzaçəkmə müəssisələrində, Yetkinlik yaşına çatmayan yeniyetmələr üçün tərbiyə müəssisəsində və Salyan rayonundakı 5 saylı cəzaçəkmə müəssisəsində) cəza müddəti başa çatmaqda olan 140 nəfər şəxs üçün elektrik-qaz qaynaqçısı, avtomobillərin təmiri üzrə çilingər, kompüter texnikasının təmiri, inşaat rəngsazı və s. peşələr üzrə peşə hazırlığı kursları təşkil edilib. Bu tədbirlər onların əmək bazarında tələb olunan peşələr üzrə bacarıqlara yiyələnmələrinə və bununla da cəza müddətini başa vuraraq azadlığa çıxdıqdan sonra məşğulluq imkanlarına malik olmalarına yönəlib.

Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilən, tibbi və sosial yardıma ehtiyacı olan şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik müavinətlə də təmin edilirlər. Cari ilin ilk rübündə nazirliyin xətti ilə birdəfəlik müavinət ödənilən belə şəxslərin sayı isə 1 143 nəfər təşkil edib. Onların hər birinə minimum əmək haqqının 4 misli qədər (464 manat) birdəfəlik müavinət verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.