CƏMİYYƏT
Penitensiar sistemin təkmilləşdirilməsi və nizam-intizamın möhkəmləndirilməsi üzrə tədbirlər gücləndirilib
Bakı, 29 iyul, AZƏRTAC
İyulun 29-da Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2015-ci ilin birinci yarısında fəaliyyətinin yekunlarına həsr olunmuş müşavirə keçirilib.
Müşavirədə Penitensiar Xidmətin rəhbərliyi, tabeli qurumların müdiriyyəti, habelə Ədliyyə Nazirliyinin təşkilat-nəzarət baş idarəsinin və cəzaların icrasına nəzarət üzrə müfəttişliyinin məsul əməkdaşları iştirak ediblər.
Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Mədət Quliyev müşavirədə cari ilin fevralında ədliyyə naziri Fikrət Məmmədovun iştirakı ilə Xidmətin ötən ildəki fəaliyyətinin yekunlarına həsr olunan geniş müşavirədə qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üzrə tədbirlərin davam etdirildiyini vurğulayıb. Bildirilib ki, penitensiar sistemin təkmilləşdirilməsi, o cümlədən yeni müasir penitensiar müəssisə və komplekslərin inşası, qanunçuluğun və nizam-intizamın möhkəmləndirilməsi, tabeli qurumların fəaliyyətinə nəzarətin artırılması üzrə tədbirlər gücləndirilib.
Penitensiar Xidmətin təşkilat-nəzarət idarəsinin rəisi, ədliyyə polkovniki Musa Hümbətov ilin ilk altı ayı ərzində qurumun fəaliyyəti barədə məruzə ilə çıxış edib. Qeyd olunub ki, hesabat dövründə əməliyyat-axtarış tədbirləri nəticəsində 231 müxtəlif, o cümlədən bir neçə il əvvəl törədilən və uzun müddət bağlı qalan bir sıra cinayətlərin üstü açılıb, habelə qadağan olunmuş əşyaların ötürülməsinin qarşısının alınmasına, eləcə də narkotik maddələrin qanunsuz dövriyyəsi ilə mübarizəyə xüsusi diqqət yetirilib.
Müşavirədə cəzaçəkmə müəssisələri rəhbərlərinin çıxışları da dinlənilib. Qeyd olunub ki, aparılan əməliyyat-baxış tədbirləri nəticəsində hesabat dövründə 103 litr spirtli içki, 180 mobil telefon, 142 qram çəkidə müxtəlif narkotik maddələr aşkarlanaraq götürülüb. Həmin faktlar üzrə toplanmış materiallar tədbir görülməsi üçün aidiyyəti orqanlara təqdim edilib. Eyni zamanda, vəzifədən sui-istifadə və digər mənfi halların aradan qaldırılmasına yönələn konkret tədbirlər görülüb. Altı ay ərzində Xidmətin kobud qanun pozuntularına yol verən 142 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, dörd əməkdaş ədliyyə orqanlarından xaric edilib.
M.Quliyev mövcud nöqsan və pozuntulara toxunaraq, fəaliyyətin daha da təkmilləşdirilməsi ilə bağlı hər bir xidmət sahəsi üzrə konkret tapşırıqlar verib, işin səmərəliliyinə və səylərin artırılmasına nail olunması məqsədilə xidmət rəhbərliyi tərəfindən əlavə tədbirlərin müəyyənləşdirildiyini diqqətə çatdırıb.