SİYASƏT
Pensilvaniya ştatında Xocalı soyqırımı ilə bağlı qətnamə yekdilliklə qəbul edilib VİDEO
Vaşinqton, 26 fevral, AZƏRTAC
ABŞ-ın Pensilvaniya ştatının qanunverici orqanı tərəfindən Xocalı qətliamını pisləyən HR 109 saylı qətnamə layihəsi qəbul edilib.
Başda Nümayəndələr Palatasının üzvü Heri Ridşou olmaqla ştatın 16 nümayəndəsinin həmmüəllifliyi ilə hazırlanmış qətnamədə Xocalıda dinc azərbaycanlılara qarşı törədilmiş qanlı cinayət pislənilir və erməni silahlı birləşmələri tərəfindən yerli əhaliyə qarşı etnik təmizləmənin həyata keçirildiyi vurğulanır.
Sessiyada Azərbaycan Respublikası Milli Məclisinin deputatları Sevinc Fətəliyeva və Asim Mollazadə, ARDNŞ-in vitse-prezidenti Xaliq Məmmədov, Hyustonda fəaliyyət göstərən Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundova və Azərbaycanın ABŞ-dakı səfirliyinin əməkdaşları da iştirak ediblər. İclasda azərbaycanlı deputatlara və digər qonaqlara ştata səfər etdikləri və qanunverici orqanın iclasında qonaq qismində iştirak etdikləri üçün Nümayəndələr Palatasının spikeri tərəfindən minnətdarlıq edilib.
Xocalı qətliamının 23-cü ildönümünü və onun qurbanlarını anan qətnamə layihəsi (HR 109) sessiyada ilk oxunuşda mütləq səs çoxluğu ilə (198/0) qəbul edilərək, spiker və sənədin əsas müəllifi konqresmen Heri Ridşou tərəfindən Azərbaycan nümayəndə heyətinə təqdim edilib.
Sessiyadan sonra ştatın Kapitoliya binasında Azərbaycanın Dostları Assambleyasının (AFAZ) təşkilatçılığı ilə Xocalı qətliamı ilə bağlı anım mərasimi keçirilib. Mərasimdə çıxış edən Sevinc Fətəliyeva və Asim Mollazadə Xocalı soyqırımı barədə məlumat verib və bunu insanlığa qarşı cinayət kimi qiymətləndiriblər.
Tədbirdə, eyni zamanda, Nümayəndələr Palatasının 14 üzvü çıxış edib, bu hüznlü gündə Azərbaycan xalqının yanında olduqlarını söyləyiblər. Qətnamə layihəsinin əsas müəllifi Heri Ridşou çıxışı zamanı erməni silahlı birləşmələrinin Xocalıya hücum etdiyini və Ermənistan-Azərbaycan münaqişəsi tarixində dinc əhalinin ən böyük qətliamını həyata keçirdiyini bildirib. Nümayəndələr Palatasının digər üzvləri Azərbaycanın bütün geosiyasi risklərə baxmayaraq, ABŞ-a etibarlı müttəfiq olmasını qeyd edib, bu anım mərasiminə qatılmağı özlərinə mənəvi borc bildiklərini vurğulayıblar. Çıxışlar zamanı Azərbaycanın ABŞ üçün vacib və strateji tərəfdaş olması barədə fikirlər səsləndirilib, bu münasibətlərin gələcəkdə inkişafına dəstək ifadə olunub.
Sonda səfirliyin əməkdaşı Natiq Baxışov çıxış edərək Pensilvaniya ştatının qanunverici orqanının Xocalı qətliamını pisləyən və faciə qurbanlarının xatirəsini anan qətnaməni qəbul etməsi ilə bağlı Azərbaycan tərəfinin təşəkkürünü bildirib.
Pensilvaniya ştatına səfər zamanı Azərbaycan nümayəndə heyəti ştatın vitse-qubernatoru Mayk Stak ilə görüşüb, Xocalı qətliamı ilə bağlı ona məlumat verib. Görüşdə ABŞ-Azərbaycan münasibətlərinə dair müzakirələr aparılıb.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton