DÜNYA
Pentaqon: zəif əfqan ordusu “Taliban” döyüşçülərinin qarşısını ala bilmir
Bakı, 7 oktyabr, AZƏRTAC
ABŞ-ın Əfqanıstandakı qoşunlarının komandanı general Con Kempbell əfqan ordusunun döyüş qabiliyyətlərinə pessimist qiymət verib. Pentaqon nümayəndəsinin sözlərinə görə, Əfqanıstan ordusu “Taliban” hərəkatı ilə mübarizə aparmaq üçün yetərincə təlim görməyib və pis silahlanıb.
AZƏRTAC BBC telekanalına istinadla xəbər verir ki, Kempbell, həmçinin ABŞ Prezidenti Barak Obamanı Amerika kontingentinin Əfqanıstandan çıxarılması məsələsinə yenidən baxmağa çağırıb.
Qəbul edilmiş strategiyaya görə, 2016-cı ilin sonunadək Əfqanıstandakı ABŞ hərbçilərinin sayı 10 min nəfərdən min nəfərə qədər azaldılmalıdır.
ABŞ-ın müdafiə naziri Eş Karter Əfqanıstanın Qunduz şəhərindəki hospitala endirilən hava zərbəsinə görə üzr istəyib. C.Kempbell bir qədər əvvəl bu zərbəni “Taliban” tərəfindən yaranmış təhlükəni aradan qaldırmağın vacibliyi ilə izah edib və nəticədə dinc sakinlərin zərər çəkməsinə görə məyusluğunu bildirib.
“Sərhədsiz həkimlər” xeyriyyə təşkilatı isə öz növbəsində əfqan xəstəxanasına hücumu hərbi cinayət adlandırıb və hadisə ilə bağlı müstəqil beynəlxalq təhqiqatın aparılmasını tələb edib.