ELM VƏ TƏHSİL
Personalın çoxmeyarlı qiymətləndirilməsi üçün modifikasiya edilmiş VIKOR metodu
Bakı, 9 oktyabr, AZƏRTAC
Kadrların idarə olunmasında personalın qiymətləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Bu prosesin çoxmeyarlı xarakter daşıması, o cümlədən keyfiyyət və kəmiyyət amilləri qiymətləndirmə problemini daha da mürəkkəbləşdirir.
Bu yaxınlarda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun alimlərinin personalın qiymətləndirilməsi probleminə həsr olunan məqaləsi “The Scientific World Journal” da dərc olunub.
“Modifikasiya edilmiş qeyri-səlis VIKOR metodu vasitəsilə personalın çoxmeyarlı qiymətləndirilməsi” adlı məqalənin müəllifləri AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, institutun şöbə müdiri, texnika üzrə elmlər doktoru Ramiz Alıquliyev və institutun Tədris-İnnovasiya Mərkəzinin rəhbəri Rəsmiyyə Mahmudovadır.
Məqalədə personalın qiymətləndirilməsi üçün təklif edilən qeyri-səlis VIKOR metodu orijinal qeyri-səlis VIKOR metodu ilə eksperimental müqayisə edilib. Əldə olunan nəticələrin təhlili göstərir ki, modifikasiya edilmiş qeyri-səlis VIKOR metodu hesablama mürəkkəbliyi baxımından daha effektivdir və yüksək nəticə göstərir.