ELM VƏ TƏHSİL
Peşə məktəbinin müəllim və şagirdləri ali məktəbdə təlim keçiblər
Bakı, 21 iyul, AZƏRTAC
Qəbələ Peşə Məktəbinin müəllim və şagirdlərinin Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) və yaxın rayonlara praktik təlimlərin keçirilməsi ilə bağlı üçgünlük səfəri təşkil edilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, səfər Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) Azərbaycan nümayəndəliyi, “Böyük Qafqaz landşaftında torpaq və meşələrin davamlı idarəolunması” layihəsi və ADAU-nun təşkilatçılığı ilə keçirilib.
Səfər zamanı universitetin aqronomluq fakültəsinin aqrokimya və torpaqşünaslıq kafedrasının müdiri Arif Hüseynov laboratoriyada olan müasir cihaz və qurğular haqqında ətraflı məlumat verib. Sonra iştirakçılara kənd təsərrüfatı texnikaları, dənli bitkilərin seleksiyası, yeni taxıl sortları, bitkiçilik və müasir bitkilərin diaqnostikası ilə bağlı təlimlər keçirilib.
Səfər çərçivəsində iştirakçılara Samux rayonunda inşa edilən müasir hidroponika üslublu istixananın qazanxanası, gübrə tankerləri və avtomatlaşdırılmış dozalayıcı qurğular, mikroiqlimi kontrol edən cihazlar, kompüter sistemi, suvarma, aerozol, gübrələmə sistemi barədə məlumat verilib. Həmçinin iştirakçılar mikrobiologiya laboratoriyasında mövcud olan cihaz və avadanlıqlarla tanış olublar, xəstəliyə yoluxmuş heyvanların müayinəsi, onlardan qan analizlərinin götürülməsi və xəstəliyin diaqnozu ilə bağlı məlumatlandırılıblar.
Digər təlim isə ADAU-nun pomidor becərilən istixanasında keçirilib və burada soeks markalı elektron nitratester cihazının iş prinsipi iştirakçılara əyani nümayiş etdirilib.
Sonra Göygöl Milli Parkında iştirakçılar üçün praktik təlim təşkil olunub.
Sonda təlim iştirakçıları Gəncə şəhərinin tarixi abidələrini və dahi şair Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər.