ELM VƏ TƏHSİL
Peşə təhsilinə münasibətin dəyişdirilməsi gənclərin peşə məktəblərinə maraqlarının artmasına kömək göstərəcək
Bakı, 8 iyun, AZƏRTAC
İyunun 8-də “ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsinin təbliğində vətəndaş cəmiyyətinin iştirakının gücləndirilməsi” layihəsi çərçivəsində Salyan şəhərində “dəyirmi masa” keçirib.
AZƏRTAC xəbər verir ki, tədbirdə layihənin rəhbəri İradə Yaqubova ilkin mərhələdə Salyan, Cəlilabad və Bərdə rayonlarında monitorinqlərin keçirildiyini, sənətkarların fəaliyyəti ilə bağlı videoçəkilişlərin aparıldığını söyləyib.
Qeyd edilib ki, cəmiyyətdə peşə təhsilinə münasibətin dəyişdirilməsi gənclərin peşə məktəblərinə maraq və inamlarının artırılmasına kömək edəcək. Həmçinin orta məktəblərlə ilk peşə məktəbləri arasında əlaqələr gücləndirilməlidir.
Ekspert Orxan Cabbarlı peşə təhsilinin təbliğinin gücləndirilməsinin zəruriliyini qeyd edib, müəyyən ixtisaslarla bağlı şagirdlərdə təəssürat yaratmaq məqsədilə layihə çərçivəsində videoçarxların hazırlandığını söyləyib.
Sonra mövzu ilə bağlı videoçarxlar nümayiş olunub, fikir mübadiləsi aparılıb.