MƏDƏNİYYƏT
Peşəkar bələdçilərin hazırlanması istiqamətində işlər görülür
Bakı, 28 fevral, AZƏRTAC
Son illərdə Azərbaycana gələn xarici turistlərin sayında, eləcə də ölkələrin müxtəlifliyində artım müşahidə olunduğundan müxtəlif xarici dillərdə səlist danışan və ölkəmizin iqtisadiyyatı, mədəniyyəti və tarixi haqqında ətraflı məlumata malik olan bələdçilərə ehtiyac vardır.
Bununla bağlı Azərbaycan Dillər Universitetində ingilis, fransız, alman, italyan, ispan və digər dilləri üzrə təhsil alan və bələdçilik fəaliyyətinə həvəs göstərən 4-cü kurs tələbələrin seçilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyin aidiyyəti mütəxəssislərinin, eləcə də peşəkar bələdçilərin iştirakı ilə görüş təşkil olunub.
Görüşdə Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Turizm və Menecment Universitetinin, Azərbaycan Dillər Universitetinin əməkdaşları və bir sıra uzun illər bələdçilik fəaliyyəti ilə məşğul olan peşəkar bələdçilər iştirak ediblər.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 70 tələbənin iştirakı ilə keçirilən tədbirdə bələdçilik peşəsi haqqında və Azərbaycan Turizm və Menecment Universitetinin nəzdində fəaliyyət göstərən bələdçi-tərcüməçilər haqqında geniş məlumat verilib.
Bələdçi-tərcüməçi kurslarına cəlb olunacaq gənc bələdçilər qarsıdan gələn birinci Avropa Oyunlarında da gələn qonaqlara keyfiyyətli bələdçilik xidmətinin göstərilməsinə öz töhfələrini verəcəklər.