ELM VƏ TƏHSİL
“Peşəkar ol” proqramı pedaqoji ali təhsil alanlar üçün geniş imkanlar açır
Bakı, 13 aprel, AZƏRTAC
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu (TİPİİ) tərəfindən pedaqoji ali məktəblərin dördüncü kursunda təhsil alan bakalavrlar və eləcə də magistrantlar üçün “Peşəkar ol” proqramı davam edir. Layihənin əsas məqsədi pedaqoji ali təhsil alan gənclərdə divergent təfəkkürü inkişaf etdirmək, mövcud çərçivələri aşan, yeniliyə açıq olan təhsil işçiləri formalaşdırmaq, həmçinin xüsusilə fərqlənən tələbələri TİPİİ ilə əməkdaşlığa cəlb etməkdir
Bu barədə AZƏRTAC-a TİPİİ-nin mətbuat katibi Tofiq Sadıxov məlumat verib.
T.Sadıxov bildirib ki, proqram iştirakçıları “Müasir təhsilin xüsusiyyətləri”, “Təhsilin məzmunu, kurikulum, tədris metodikası”, “Şagird-müəllim münasibətləri”, “İKT-nin təhsilə tətbiqi”, “Auditoriya ilə iş” və digər mövzularda təşkil olunan seminarlara qatılırlar. TİPİİ-nin əməkdaşları və dəvət olunmuş mütəxəssislər tərəfindən keçirilən seminarlarda tələbələrə müxtəlif məzmunlu və formalı informasiyanı axtarmaq, təhlil etmək, qiymətləndirmək və habelə media üçün mətn hazırlamaq bacarıqları öyrədilir. İki ay davam edəcək proqramı uğurla bitirən iştirakçılara sertifikatlar veriləcək.