REGİONLAR
Peşəkar ordumuz istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir
Şamaxı, 22 iyul, AZƏRTAC
Şamaxıda rayon icra hakimiyyəti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon şöbəsinin birgə təşkilatçılığı ilə ordu sıralarından tərxis olunan gənclərlə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüş iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Heydər Əliyev Mərkəzində keçirilən görüşü açan rayon icra hakimiyyətinin başçısı Asif Ağayev tərxis olunan gəncləri hərbi xidmətlərini şərəflə başa vuraraq öz doğmalarının yanına qayıtmaları münasibətilə təbrik edib, respublikamızda ordu quruculuğu sahəsində görülən işlərdən danışıb. Milli Ordumuzun müstəqil Azərbaycan dövlətinin ən böyük dayağı, xalqımızın təhlükəsizliyinin və dövlətimizin ərazi bütövlüyünün təminatçısı olduğunu qeyd edən A.Ağayev bu gün qazanılan bütün uğurların ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb. Bildirib ki, hələ sovetlər dövründə Ulu Öndərin rəhbərliyi və təşəbbüsü ilə Bakıda hərbi məktəbin yaradılması milli hərbi kadrların hazırlanması yolunda möhkəm başlanğıc olub. Təsadüfi deyil ki, bu gün Azərbaycan Ali Hərbi Məktəbi məhz xalqımızın dahi rəhbəri Heydər Əliyevin adını daşıyır.
Natiq ümummilli lider Heydər Əliyevin ordu quruculuğu sahəsində başladığı işlərin bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla aparıldığını qeyd edib.
Görüşdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsinin rəisi Nasir Qurbanov, Ağsaqqallar Şurasının sədri Mayıl Alıcanov, Təhsil Şöbəsinin müdiri Eyvaz Eminalıyev, Gənclər və İdman İdarəsinin rəisi Şahmar Hüseynov və ordudan tərxis olunan gənclər çıxış edərək ölkəmizdə ordu quruculuğu sahəsində aparılan işlərdən, dövlətimizin gənclərə diqqət və qayğısından danışıblar. Bildirilib ki, bu gün Azərbaycan Silahlı Qüvvələri mənfur düşməni hər an məhv etməyə qadir güclü maddi-texniki bazaya malikdir. Regionda ən güclü və yüksək hərbi hazırlıqlı olan peşəkar ordumuz istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir.