REGİONLAR
Pestisidlərin insan sağlamlığına və ətraf mühitə təsiri araşdırılacaq
Bakı, 8 iyun, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) “Çəyirtkəkimilərlə mübarizə zamanı insan sağlamlığına və ətraf mühitə dəyən ziyanın qarşısının alınması” mövzusunda təşkil etdiyi təlim-seminar işə başlayıb.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, FAO-nun “Cənubi Qafqazda və Orta Asiyada çəyirtkəkimilərlə mübarizə Proqramı” çərçivəsində iyunun 5-14-dək davam edəcək seminarda zərərvericilərlə mübarizə zamanı istifadə olunan pestisidlərin insan orqanizminə və ətraf mühitə vurduğu zərərin qarşısının alınması, pestisidlərin zərərli təsirinin yumşadılması və digər məsələlər müzakirə ediləcək.
Azərbaycan Respublikasında karantin və xüsusi təhlükəli zərərvericilərlə mübarizənin yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdıran Dövlət Xidmətinin rəisi Camal Quliyev bildirib ki, mübarizə çərçivəsində pestisidlərdən və kimyəvi maddələrdən istifadənin insan orqanizminə təsiri amilləri həmişə diqqətdə saxlanılır və təhlükəsizlik qaydalarına ciddi əməl olunur.
Camal Quliyev Azərbaycanda zərərvericilərlə mübarizə çərçivəsində çoxsaylı beynəlxalq tədbirlərin keçirildiyini, lakin bu mövzuda tədbirin ilk dəfə reallaşdığını və bunun əhəmiyyətli olduğunu vurğulayıb.
Azərbaycana səfərindən məmnun olduğunu dilə gətirən FAO-nun beynəlxalq dərəcəli eksperti Harold Vander Valk Dövlət Xidmətinin kimyəvi maddələrdən istifadə çərçivəsində böyük uğurlara nail olduğunu deyib.
Ekspert təmsil olunduğu qurumun son illərdə müxtəlif ölkələrdə bu sahədəki fəaliyyətini artırdığını söyləyib: “Bizim əsas məqsədimiz, həmin ölkələrdə zərərvericilərlə mübarizə zamanı pestisidlərdən və kimyəvi maddələrdən istifadənin insan sağlamlığına və ətraf mühitə təsirini müəyyən etmək və bu sahədə monitorinqlər keçirməkdir”.
Qeyd edək ki, iyunun 7-dən 11-dək Hacıqabul rayonu ərazisində mübarizə tədbirləri zamanı araşdırmaların aparılması, lazımi tövsiyələrin verilməsi və bu istiqamətdə yerli mütəxəssislərin hazırlanması üçün praktiki işlərin görülməsi nəzərdə tutulub.