SİYASƏT
Peter Kropş: Bakı Konqresində dünya mediasının gələcəyi gündəmə gətirildi VİDEO
Bakı, 18 noyabr, Səlahət Yusifov, AZƏRTAC
Dünyanın 130-dək aparıcı xəbər agentliyinin rəhbərləri və təmsilçiləri Bakıda bir araya gələrək dünya mediasının ən mühüm problemlərini müzakirə etdilər və faydalı fikir mübadiləsi apardılar. Dünya mediasının gələcəyi Bakı Konqresində gündəmə gətirildi, nüfuzlu media mənsubları onları narahat edən, düşündürən qlobal məsələləri birgə həll etməyə və həmrəyliyə səslədilər.
AZƏRTAC xəbər verir ki, bu sözləri Dünya Xəbər Agentlikləri Konqresinin iştirakçısı Almaniyanın DPA agentliyinin vitse-prezidenti Peter Kropş AZƏRTAC-a məxsusi müsahibəsində söyləyib.
Peter Kropş qeyd edib ki, xəbər agentliklərinin qarşılaşdığı çağırışlardan çıxış yollarının, müasir jurnalistikada rəqəmsal texnikaya keçidin yaratdığı maliyyə problemlərinin və ən nəhayət mətbuat azadlığı kimi məsələlərin müzakirəsi baxımından Bakı Konqresinin əhəmiyyəti danılmazdır.
İcraçı direktor rəhbərlik etdiyi agentliyin AZƏRTAC ilə əməkdaşlığın genişləndirilməsi üçün imkanların olduğunu vurğulayıb.
Bakıya bir neçə dəfə səfər etdiyini bildirən qonaq deyib: “Azərbaycan tarix və mədəniyyət baxımından çox zəngin bir ölkədir. Bu müxtəlifliklə yaxından tanış olmaq üçün çox vaxt lazımdır. Konqres çərçivəsində Bakını az da olsa gəzdim. Burada hər dəfə gördüyüm əzəmətli yeni binalar məndə belə bir təəssürat yaradır ki, Azərbaycanın digər şəhərləri və regionları da Bakı kimi gözəldir və inkişaf edib. Bu, ölkənizin müstəqillik illərində qazandığı misilsiz nailiyyətidir”.