SİYASƏT
Peter Siyarto: Azərbaycan və Macarıstan arasında münasibətlər bütün sahələrdə genişlənməkdədir
Bakı, 28 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Macarıstan Respublikasının xarici işlər və ticarət naziri Peter Siyarto arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə təbrik məktubu mübadiləsi həyata keçirilib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Elmar Məmmədyarov həmkarına ünvanladığı məktubunda ölkələrimiz arasındakı hazırkı intensiv münasibətlərin tarixinin orta əsrlərə gedib çıxdığını və bu əlaqələrin XV-XVII əsrlərdə Azərbaycan dövlətləri və Macar Krallığı arasında yaranmış diplomatik əlaqələrin və ticarət əməkdaşlığının üzərində qurulduğunu diqqətə çatdırıb.
Nazir Elmar Məmmədyarov Azərbaycan ilə Macarıstan arasındakı strateji tərəfdaşlıq münasibətlərinin və ən yüksək səviyyədə davam edən siyasi dialoqun bütün sahələrdə qarşılıqlı iş birliyinin daha da inkişaf etdirilməsinə əlverişli imkan yaratdığını bildirib.
2017-ci ilin aprelində Şərq tərəfdaşlığı və Vişeqrad qrupu ölkələrinin xarici işlər nazirlərinin Varşavada keçirilən toplantısı çərçivəsində macarıstanlı həmkarı ilə keçirdiyi görüşü məmnunluq hissi ilə xatırlayan Elmar Məmmədyarov belə görüşlərin münasibətlərimizin bütün istiqamətlər üzrə genişlənməsinə töhfə verdiyini qeyd edib. O, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri, Azərbaycanın suverenliyi, ərazı bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində sülh yolu ilə həll olunmasına dair Macarıstanın davamlı və prinsipial dəstəyinin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.
Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Elmar Məmmədyarova ünvanladığı məktubunda ötən 25 ildə Azərbaycan və Macarıstan arasında ikitərəfli münasibətlərin yüksələn xətlə inkişaf etdiyini və hazırda əməkdaşlığın bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə genişlənməkdə olduğunu vurğulayıb.
Peter Siyarto Azərbaycan ilə Macarıstanın strateji tərəfdaş və yaxın dost ölkələr olduğunu bildirib, bunun bariz nümunəsi kimi mütəmadi olaraq keçirilən yüksək səviyyəli görüşləri və bu yaxınlarda Bakıda uğurla həyata keçirilən Macarıstan günlərini qeyd edib.
Nazir Peter Siyarto Macarıstanın ölkələrimizin maraqlarına xidmət edən ikitərəfli əlaqələrin daha da inkişafı və şaxələndirilməsində maraqlı olduğunu vurğulayıb.