İQTİSADİYYAT
“Petlim” konteyner limanı bu gün ilk gəmini qəbul edəcək
Bakı, 6 dekabr, Nihad Budaqov, AZƏRTAC
SOCAR-ın Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda inşa etdiyi “Petlim” konteyner limanını idarə edən Hollandiyanın “APM Terminals” şirkəti bu gün ilk gəmini qəbul edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə “SOCAR Turkey Enerji A.Ş.”nin (STEAŞ) “twitter” səhifəsində bildirilir.
Dekabrın 5-də isə “Petkim PetroKimya Holding A.Ş.” şirkəti öz törəməsi “Petlim Limancılık Ticaret A.Ş.”nin 1,5 milyon TEU tutumu olan konteyner terminalının 800 min TEU-luq ilk fazası başa çatdırıldığını və fəaliyyətə başlaması üçün limanın sahibi olan “APM Terminalleri Liman İşletmeciliği A.Ş” ilə razılığa gəlindiyini açıqlayıb. Limanın bu həftə əməliyyatlara başlayacaq.
Qeyd edək ki, “Petlim” Türkiyənin üçüncü, Egey dənizinin ilk böyük limanı olacaq. SOCAR Türkiyədəki ən böyük aktivi və səhmlərinin təxminən 53 faizi STEAŞ-a məxsus olan “Petkim PetroKimya Holding A.Ş.”nin törəmə şirkəti “Petlim Limancılık Ticaret A.Ş.” öz səhmlərinin 30 faizini 300 milyon dollara “Goldman Sachs” şirkətinə satıb. Hazırda limanın 70 faizlik hissəsi SOCAR-a, 30 faizlik hissəsi isə “Goldman Sachs”a aiddir. “Petlim”i ilk 28 il müddətində “APM Terminals” şirkəti idarə edəcək.
Xatırladaq ki, SOCAR 2008-ci ilin mayından etibarən Türkiyədəki fəaliyyətini STEAŞ adı ilə davam etdirir. STEAŞ-ın səhmdarları belədir: SOCAR - 87 faiz, “Goldman Sachs” - 13 faiz.