İQTİSADİYYAT


“Petlim” konteyner limanının inşasının ikinci mərhələsi bu ilin sonunda tamamlanacaq

A+ A

İzmir, 8 sentyabr, Nihad Budaqov, AZƏRTAC

SOCAR-ın Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda inşa etdiyi “Petlim” konteyner limanının tikintisinin ikinci mərhələsi bu ilin sonunda tamamlanacaq.

AZƏRTAC xəbər verir ki, bunu "Petlim" konteyner limanı layihəsinin baş direktoru Doğan Çırakoğlu İzmirdə azərbaycanlı jurnalistlərlə görüşündə deyib.

"Limanın birinci mərhələsi üzrə 350 metr uzunluğunda gəmi yanalma sahəsi inşa edilib. Həmçinin konteynerlərin qəbulu və saxlanılması sahələri qurulub. Yəqin ki, "APM Terminals” şirkəti bu ilin oktyabrından etibarən birinci mərhələ üzrə əməliyyatlara başlayacaq və "Petlim"i idarə edəcək" , - deyə D.Çırakoğlu qeyd edib.

Layihənin baş direktoru deyib ki, limanın tam gücünə çatdırılması mərhələli şəkildə həyata keçiriləcək. Təxminən 2018-2019-cu illərdə "Petlim" 500-600 min TEU həcmində konteyner qəbul edəcək. 2020-ci ildən isə limanın tam gücü ilə fəaliyyətə başlaması və ötürücülük qabiliyyətinin 1,5 milyon TEU-ya çatdırılması nəzərdə tutulur. Bu, "APM Terminals” şirkətindən asılıdır.

“Limanın təxminən 42 hektarlıq konteyner saxlama sahəsi olacaq. Əlavə olaraq qatarla gələn yüklərin saxlanması üçün 6 hektarlıq ərazi nəzərdə tutulub", - deyə D.Çırakoğlu bildirib.

Xatırladaq ki, “Petlim” Türkiyənin üçüncü, Egey dənizinin ilk böyük limanı olacaq. SOCAR Türkiyədəki ən böyük aktivi və səhmlərinin təxminən 58 faizi Dövlət Neft Şirkətinə məxsus olan “Petkim PetroKimya Holding A.Ş.”nin törəmə şirkəti “Petlim Limancılık Ticaret A.Ş.” öz səhmlərinin 30 faizini 300 milyon dollara “Goldman Sachs” şirkətinə satıb. Hazırda limanın 70 faizlik hissəsi SOCAR-a, 30 faizlik hissəsi isə “Goldman Sachs”a aiddir. “Petlim”i ilk 28 il müddətində “APM Terminals” şirkəti idarə edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.