İQTİSADİYYAT
“Petlim” limanı fəaliyyətə başlayıb
Bakı, 8 dekabr, AZƏRTAC
SOCAR-ın sərmayə qoyduğu “Petlim Limançılık Ticaret A.Ş” şirkətinin 1,5 milyon TEU konteyner saxlama gücünə malik terminalının birinci mərhələsi üzrə işlər bu həftə başa çatdırılıb və əməliyyatlara başlanılıb.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, birinci mərhələnin potensialı 800 min TEU konteynerdir. “Petkim”lə əməkdaşlıq çərçivəsində həyata keçirilən “Petlim” konteyner limanı layihəsinin ikinci mərhələsi üzrə işlərin 2017-ci ilin ilk rübündə başa çatdırılması planlaşdırılır.
Egey bölgəsinin ən böyük limanı olan “Petlim”in iri konteyner gəmilərinin yan alacağı körpü hissəsində və manevr meydanında dəniz dibinin kartoqrafik ştrixlərinin hazırlanması işləri yaxın zamanlarda tamamlanacaq. Bu işlər başa çatdıqdan sonra suyun 16 metr dərinliyinə nüfuz etmək mümkün olacaq. “Petlim” layihəsində ayrıca bir yük körpüsü də yer alıb.
SOCAR-ın sərmayə qoyduğu digər bir struktura – “Star” neft emalı zavoduna aid ağır yüklərin də bu körpüdən yüklənməsi effektiv qənaətə imkan yaradacaq. Konteyner limanı idarəçiliyi üzrə dünyanın lider qurumu olan Hollandiyanın “APM Terminals” ilə strateji əməkdaşlıq çərçivəsində fəaliyyətə başlayan “Petlim” limanı SOCAR-ın hazırkı və gələcək logistik tələblərinin ödənilməsini hədəfə alıb. Liman tam gücü ilə işə başladıqda Mərmərə, Egey və Aralıq dənizlərində 11 min konteyner gücü olan gəmilərin rahatlıqla yanaşa biləcəyi yeganə liman olacaq.