REGİONLAR
Peyntbol üzrə Naxçıvan Muxtar Respublika birinciliyinə yekun vurulub
Naxçıvan, 11 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə Naxçıvan Muxtar Respublikası Atıcılıq Mərkəzində keçirilən peyntbol üzrə Naxçıvan Muxtar Respublika birinciliyinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Atıcılıq Federasiyasının birgə təşkil etdiyi birincilikdə ali və orta ixtisas təhsili müəssisələrinin oğlanlardan ibarət komandaları mübarizə aparıblar.
Birincilikdə Naxçıvan Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu, Naxçıvan Tibb Kolleci, Naxçıvan Dövlət Texniki Kolleci və Naxçıvan Musiqi Kollecinin komandaları iştirak ediblər.
Yarışın yekun nəticəsinə əsasən, final görüşündə Naxçıvan Dövlət Texniki Kollecinin komandası ilə Naxçıvan Müəllimlər İnstitutunun komandası qarşılaşıb. Atışları daha sərrast yerinə yetirən Texniki Kollecin tələbələri birinciliyin qalibi olublar. Üçüncü yerə isə Naxçıvan Dövlət Universitetinin komandası layiq görülüb.
Sonda qaliblərə təşkilatçıların diplomları və hədiyyələri təqdim edilib.