ELM VƏ TƏHSİL
Piboztəpə nekropolunda aparılan arxeoloji qazıntıların nəticələri müzakirə olunub
Bakı, 27 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunda “Erkən antik dövrə aid Piboztəpə nekropolunda arxeoloji qazıntıların ilkin nəticələri” mövzusunda elmi seminar keçirilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, tədbirdə tarix elmləri doktoru Əsədulla Cəfərov Azərbaycan və dünya arxeologiyasında böyük elmi əhəmiyyətə malik Piboztəpə nekropolu və tədqiqatçı, tarix üzrə fəlsəfə doktoru Ceyhun Eminlinin rəhbərliyi altında fəaliyyət göstərən ekspedisiya barədə məlumat verib.
Arxeoloq C.Eminli qeyd edib ki, Piboztəpə Lerik rayonunun Dırıx zonasında, Gürdəsər kəndinin ərazisindədir. 2012-ci ildən başlayan çöl-tədqiqat işləri zamanı bu günədək erkən antik dövrə aid 134 torpaq qəbir tədqiq edilib. Nekropola yaxın ərazilərdə çöl-kəşfiyyat tədqiqatları zamanı daha 20 abidə aşkarlanıb, onların GPS koordinatları qeydə alınmaqla xəritələşdirilib.
İnstitutun direktoru, professor Maisə Rəhimova, AMEA-nın müxbir üzvü İlyas Babayev və başqaları Piboztəpə nekropolunun Azərbaycan tarixi üçün unikal elmi əhəmiyyətindən, C.Eminlinin başçılığı altında aparılan arxeoloji tədqiqatın uğurlu nəticələrindən söz açıblar.