DÜNYA
“Pinewood Studios” Harrison Fordun zədələnməsinə görə 2 milyon dollar cərimə ödəyəcək
Bakı, 13 oktyabr, AZƏRTAC
“Ulduz müharibələri. Gücün oyanışı” filminin Böyük Britaniyada aparılan çəkilişləri zamanı aktyor Harrison Fordun ağır dəmir qapının arasında qalaraq əzilməsinə görə “Pinewood Studios” kino kompaniyası Britaniya hökumətinə 2 milyon dollar cərimə ödəməli olacaq.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, insidentin ardından aktyor helikopter vasitəsi ilə Oksford xəstəxanasına çatdırılıb və sol ayağından əməliyyat olunub. Britaniya hökuməti kino istehsalçısını filmin çəkilişləri zamanı təhlükəsizlik texnikasını pozmaqda ittiham edib.
Əvvəllər də çəkilişlər zamanı belə problemlərlə qarşılaşdığını deyən Harrison Ford “Pinewood Studios” kompaniyasını məhkəməyə vermək fikrində olmadığını bildirib. Buna baxmayaraq, ittiham tərəfi məhkəmədə insidentin aktyor üçün ölümcül təhlükə törətdiyini iddia edib. Nəticədə çəkilişlər zamanı risklərin idarəsi ilə məşğul olan prodüser kompaniyası əməyin mühafizəsi üzrə Britaniya qanunvericiliyinin pozulması faktını etiraf etməyə məcbur olub.