İQTİSADİYYAT
“Pirallahı” Günəş Elektrik Stansiyasının bir meqavat gücə malik hissəsi istismara verilib
Oktyabrın 20-də “Pirallahı” Günəş Elektrik Stansiyasının ilkin mərhələdə bir meqavat gücə malik hissəsi “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin enerji sisteminə qoşulub. Pirallahı adasında ilk olan bu günəş elektrik stansiyası rayonun enerji təchizatının etibarlılığının təmin olunmasına öz müsbət təsirini göstərəcək.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEM) elektrik stansiyalarının rəisi Fəzayıl Süleymanov deyib. O bildirib ki, Prezident İlham Əliyevin bu il yanvarın 17-də imzaladığı “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planında Dövlət Agentliyinin qarşısına “Alternativ və bərpa olunan enerji mənbələrinin və enerjidən səmərəli istifadənin tətbiqinin genişləndirilməsi istiqamətində işlərin davam etdirilməsi” vəzifəsi qoyulub. Ötən müddətdə Dövlət Agentliyi tərəfindən Qaradağ, Pirallahı, Suraxanı, Samux rayonlarında və Sumqayıtda hər birinin gücü 2,8 meqavat olan günəş elektrik stansiyalarının tikintisinə başlanılıb.
Məlumat verilib ki, “Pirallahı” Günəş Elektrik Stansiyasında Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən Sumqayıt şəhərində tikilmiş “Azgüntex” zavodunda istehsal olunan günəş panelləri quraşdırılıb. Gələcəkdə Pirallahı rayonunda külək elektrik stansiyalarının da tikilməsi, həmçinin buradakı quyulardan çıxan səmt qazının toplanılaraq elektrik enerjisinə çevrilməsi nəzərdə tutulur.