İQTİSADİYYAT


Pirallahı rayonu cari ilin birinci rübünü uğurla başa vurub

Bakı, 21 aprel, AZƏRTAC

Pirallahı Rayon İcra Hakimiyyəti başçısı yanında şuranın iclasında 2017-ci ilin birinci rübündə rayonda görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, iclasda çıxış edən icra hakimiyyəti başçısı Vasif İmanov rayonda görülən işlərdən, həyata keçirilən layihələrdən geniş bəhs edib. V.İmanov qeyd edib ki, Pirallahı adasını Abşeron yarımadası ilə birləşdirən avtomobil yolu körpüsündə tikinti-quraşdırma işləri tamamlanıb, hazırda körpünün yan tərəfindəki mövcud yolda işlər davam etdirilir. Eyni zamanda, Gürgən qəsəbəsində geniş miqyaslı abadlıq-quruculuq işlərinə start verilib.

Diqqətə çatdırılıb ki, rayon üzrə məktəbəqədər tərbiyə müəssisələrinə olan tələbatı ödəmək məqsədilə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə tikilən iki ədəd 140 və 100 yerlik körpələr evi-uşaq bağçasının inşaat işləri davam etdirilir.

Vurğulanıb ki, Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən sahibkarlığın inkişafı istiqamətində cari ilin birinci rübü ərzində məqsədyönlü tədbirlər həyata keçirilib, rayon ərazisində iqtisadi durumun yaxşılaşdırılması, sağlam biznes mühitinin formalaşdırılması, investisiyaların cəlb edilməsi, kiçik və orta sahibkarlığın inkişafı və əhalinin işgüzarlıq fəaliyyətinin artırılması üçün münbit şəraitin yaradılması, yeni istehsal və emal müəssisələrinin açılması, məşğulluq səviyyəsinin artırılması və əhalinin maddi rifahının yüksəldilməsi ilə bağlı fəaliyyət genişləndirilib.

Qeyd edilib ki, rayonda işsiz və işaxtaran vətəndaşların sosial müdafiəsini gücləndirmək məqsədilə bir sıra tədbirlər görülüb. Belə ki, birinci rüb ərzində Pirallahı rayon Məşğulluq Mərkəzi tərəfindən 794 nəfər iş axtaran vətəndaş qeydiyyata alınıb, qeydiyyatda olan qeyri-məşğul əhalinin 228 nəfəri münasib işlə təmin olunub, 4 nəfər vətəndaşa işsizlik statusu verilib, 5 nəfərə isə işsizlik müavinəti təyin olunub. Həmçinin rüb ərzində 230 vakant iş yeri barədə məlumat toplanılıb qeyri-məşğul əhaliyə təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.