CƏMİYYƏT
Pirallahı rayonunda Gənclər Günü qeyd edilib
Bakı, 2 fevral, AZƏRTAC
Fevralın 2-də Pirallahı rayonunda Gənclər Günü ilə əlaqədar tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov, ictimaiyyət nümayəndələri, tələbələr, rayonun fəal gəncləri iştirak ediblər.
Rayon icra hakimiyyəti başçısının müavini Vəzir Səfixanov ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 2 fevral tarixinin Gənclər Günü elan edilməsinin əhəmiyyətindən danışıb. Bildirib ki, Azərbaycan gənclərinin yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu var. Dövlət gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü gənc nəsil yetişib. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2007-ci ilin “Gənclər ili” elan edilməsi, 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması, 2013-cü ildə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi dövlətimizin başçısının gənclərə diqqət və qayğısının bariz nümunəsidir. V.Səfixanov vurğulayıb ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da gənclərə xüsusi qayğısı qeyd olunmalıdır.
Pirallahı rayonunda həyata keçirilən gənclər siyasətindən danışan icra başçısının müavini qeyd edib ki, bu gün rayonun və ölkənin ictimai-siyasi həyatında gənclərin göstərdiyi fəallıq onların hazırlıq səviyyəsinin kifayət qədər yüksək olduğunu söyləməyə əsas verir.