CƏMİYYƏT
Pirallahı rayonunda məktəb şagirdləri yol hərəkəti qaydaları sahəsində maarifləndiriliblər
Bakı, 5 oktyabr, AZƏRTAC
Bakının Pirallahı rayonunda tam orta məktəb şagirdlərinə yol hərəkəti qaydalarının təbliği ilə bağlı maarifləndirici tədbirlər davam etdirilir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, toplantıda icra hakimiyyətinin, Pirallahı Rayon Polis Şöbəsinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər.
Pirallahı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Namiq Hüseynov deyib ki, uşaqların yol hadisələrində zərər çəkmələri onların davranışından asılıdır.
Bunu yol-nəqliyyat hadisələrinin təhlili də göstərir. Bu baxımdan məktəblərdə yol hərəkəti qaydalarının öyrədilməsi və məktəbdənkənar pedaqoji tədbirlərin müntəzəm keçirilməsi uşaqların küçədə intizamlı olmalarına və bədbəxt hadisələrin azalmasına kömək edə bilər.
Qeyd olunub ki, uşaqların bu sahədə mütəmadi maarifləndirilməsi yalnız ailənin deyil, məktəblərin, digər təşkilatların və bütün ictimaiyyətin diqqət mərkəzində olmalıdır.
Tədbirdə Pirallahı Rayon Polis Şöbəsinin rəis müavini Fəxrəddin Babayev və digərləri vurğulayıblar ki, müasir dövrdə, xüsusilə də nəqliyyat-kommunikasiya infrastrukturunun sürətlə inkişaf etdiyi zamanda azyaşlıların və şagirdlərin yol hərəkəti qaydalarını bilməsi mühüm şərtlərdən biridir. Məktəblilər piyadaların yol hərəkəti qaydalarını ətraflı öyrənməli, küçədə, nəqliyyat vasitələrinin hərəkəti zamanı intizama ciddi əməl etməlidirlər.