İQTİSADİYYAT
Pirallahı rayonunda müasir üslublu Heydər Əliyev Mərkəzi tikilir
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, layihəyə əsasən Pirallahı qəsəbəsində, 4 mərtəbədən ibarət olacaq inzibati binanın üçüncü mərtəbəsində betontökmə işləri aparılır.
Klassik və modern üslubun sintezini özündə əks etdirən bina həm də rayonun görkəminə xüsusi gözəllik verəcəkdir.
İnzibati binanın yanında isə müasir üslubda Heydər Əliyev Mərkəzi inşa olunur. Tikinti sahəsi 570 kvadratmetr olan ikimərtəbəli bina da qəsəbəyə xüsusi yaraşıq verəcəkdir.
Qəsəbənin S.Vurğun küçəsində isə Yeni Azərbaycan Partiyasının (YAP) rayon təşkilatı üçün yeni inzibati bina tikilir.
Müasir arxitektura üslubunda tikilən ikimərtəbəli binada 8 otaq, iclas zalı, geniş foye və digər xidməti otaqlar olacaqdır.
Yeni binanın 2015-ci ilin iyun ayınadək istifadəyə verilməsi nəzərdə tutulub.