İQTİSADİYYAT
Pirallahıda 9 ayın yekunları müzakirə edilib
Pirallahı Rayon İcra Hakimiyyətində 2014-cü ilin doqquz ayı ərzində sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr edilən hesabat yığıncağı keçirilib.
Rayon icra hakimiyyətinin başçısı Vasif İmanov Pirallahı rayonunda ötən 9 ayda görülən işlərdən danışıb. Bildirilib ki, 2014-cü ildə Dövlət Proqramına əsasən rayonda 110 çarpayılıq 10 saylı Birləşmiş Şəhər Xəstəxanası və 168 nömrəli tam orta məktəb əsaslı təmirdən sonra istifadəyə verilib. Prezident İlham Əliyevin imzaladığı müvafiq Fərmana əsasən Yüksək Texnologiyalar Parkının inşa olunacağı 50 hektar ərazidə təmizlik və abadlıq işləri aparılıb.
Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Pirallahı adasının şimal hissəsində 6 hektar torpaq sahəsi ayrılaraq yaxın gələcəkdə burada müasir yaşayış binalarının tikintisi planlaşdırılır. İnfrastruktur layihələri çərçivəsində Qala qəsəbəsindən Pirallahıya çəkilən dördzolaqlı müasir avtomobil yolunun birinci hissəsi artıq istismara verilib.
Qeyd edilib ki, Dövlət Proqramına əsasən inşa edilən, Pirallahı adasını Abşeron yarımadası ilə birləşdirən körpünün tikintisində layihə üzrə işlərin 60 faizi görülüb. Ümumi uzunluğu 150 kilometr olan Ceyranbatan-Balaxanı-Ramana-Zirə-Pirallahı magistral su kəmərinin inşası uğurla davam etdirilir. Yaxın aylarda Pirallahı və Gürgən qəsəbələrinin sakinləri fasiləsiz şəkildə daimi və keyfiyyətli içməli su ilə təmin olunacaqlar. Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə tikilən 2 körpələr evi-uşaq bağçasının inşaat işləri ilə əlaqədar sənədləşmə prosesi davam etdirilir.
Diqqətə çatdırıldı ki, “Sənaye ili” ilə əlaqədar Pirallahı rayonunda xeyli işlər görülüb.
2014-cü ilin 9 ayında Pirallahı rayonu üzrə neft hasilatı 4 milyon 553 min 722 ton, qaz hasilatı isə 4 milyard 138 milyon 713 min kubmetr təşkil edib.
Pirallahı qəsəbəsində bu günlərdə 168 nömrəli tam orta məktəbdə mövcud binadan əlavə 300 şagird yerlik 15 sinif otağı və idman zalı da daxil olmaqla yeni korpusun tikintisinə başlanılıb.
Sonda hesabat yığıncağının qərar layihəsi tədbir iştirakçılarının nəzərinə çatdırılıb və yekdilliklə qəbul edilib.