MƏDƏNİYYƏT
Pirallahıda Novruz bayramı milli ruhda qeyd edilib
Bakı, 17 mart, AZƏRTAC
Pirallahı rayonunda martın 6-dan etibarən rayonun bütün idarə, müəssisə və təşkilatlarında Novruzun gəlişi silsilə tədbirlərlə qeyd olunur.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, Çilov, Neft Daşları, Gürgən qəsəbələrində, xüsusilə rayon mərkəzi olan Pirallahı qəsəbəsində abadlıq, təmizlik işləri aparılıb, iməciliklər, yaşıllaşdırma və ağacəkmə kampaniyaları həyata keçirilib, 250 minədək müxtəlif meyvə ağacları əkilib. Novruz bayramı münasibətilə aztəminatlı sakinlərə, Qarabağ müharibəsi əlillərinə və veteranlarına, məcburi köçkünlərə, ümumilikdə iki yüzə yaxın ailəyə bayram sovqatı çatdırılıb. Rayonun mədəniyyət evlərində, digər incəsənət ocaqlarında bayram tamaşaları hazırlanıb.
Martın 17-də Pirallahı rayonunun Gənclər Parkında təntənəli bayram şənliyi təşkil edilib.
Kosa və Keçəl bayram ab-havasını daha da artırıb. “Cəngi” sədaları altında Pirallahı idmançıları müxtəlif idman növlərinə aid nümunəvi çıxışlar nümayiş etdiriblər. Qol güləşdirənlərin və kəndir dartanların yarışı maraqla qarşılanıb.
Sonra bayram tonqalı alovlandırılıb.
Pirallahı sakinlərini və qonaqları xalqımızın milli bayramı olan qədim Novruz münasibətilə ürəkdən təbrik edən Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov qədim zamanlardan başlayaraq Azərbaycanda və bir çox şərq ölkələrində baharın - yeni ilin gəlişinin şənliklərlə qarşılandığını vurğulayıb.
Daha sonra rayonda gedən quruculuq-abadlıq işlərində, təhsilin inkişafında və mədəni-kütləvi tədbirlərin keçirilməsində fərqlənən sakinlər Pirallahı Rayon İcra Hakimiyyətinin Fəxri fərmanları ilə təltif ediliblər.
Minlərlə Pirallahı sakininin, rayon ərazisindəki hərbi hissələrdə xidmət keçən zabit və əsgərlərin böyük maraqla izlədiyi bayram tədbiri tanınmış incəsənət ustalarının ifasında konsert proqramı və atəşfəşanlıqla davam etdirilib.
Rəngarəng Novruz bayramı tədbirləri Gürgən qəsəbəsində, Çilov adası və Neft daşlarında da təşkil edilib.