CƏMİYYƏT
Pirallahıda “Şəhidlər ölməz, Vətən bölünməz!” devizi altında tədbir keçirilib
Bakı, 8 iyul, AZƏRTAC
Müdafiə Nazirliyi və Pirallahı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Şəhidlər ölməz, Vətən bölünməz!” devizi altında vətənpərvərlik tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, rayon ictimaiyyətinin, şəhid ailələrinin, müharibə veteranlarının və hərbi qulluqçuların iştirak etdikləri tədbirdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların, eləcə də bir neçə gün öncə Ermənistan silahlı bölmələrinin dinc əhaliyə qarşı növbəti təxribatı zamanı həlak olmuş Füzuli rayonunun Alxanlı kənd sakinləri on səkkiz aylıq Zəhranın və onun nənəsinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Müdafiə Nazirliyinin zabiti Abdulla Qurbani şəhidlik və Vətən sevgisindən, xalqımızın qəhrəmanlıq ənənələrindən, hərbi şöhrət tariximizdən, ordu quruculuğundakı uğur və nailiyyətlərimizdən söhbət açıb. Döyüşlərdə canlarından keçən Vətən övladlarının əbədiyaşarlığından, müharibədə sağlamlıqlarını itirən igidlərimizin, şəhid ailələrinin dövlət səviyyəsində diqqət və qayğı ilə əhatə olunmalarından bəhs edilib.
Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin yaradıcı kollektivlərinin ifasında vətənpərvərlik mahnıları, hərbi marşlar səsləndirilib.
Milli Məclisin deputatı, professor Xanhüseyn Kazımlı Müdafiə Nazirliyinin yerli icra hakimiyyəti orqanları və qeyri-hökumət təşkilatları ilə birgə təşkil etdiyi tədbirlərin əhəmiyyətindən danışaraq, bir çox tədbirlərdə şəxsən iştirakından böyük qürur hissi keçirdiyini qeyd edib.
Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov bu kimi tədbirlərin ordu ilə xalqın birliyinin daha da möhkəmlənməsinə xidmət etdiyini, gənclərin hərbi vətənpərvərlik tərbiyəsində müstəsna rol oynadığını və Müdafiə Nazirliyi ilə əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini bildirib.
Tədbir keçirilən gün iyirmi yaşı tamam olan, Lələtəpə uğrunda döyüşlərin ilk şəhidi Sarvan Mehrəliyevin (qardaşı Namiqlə birlikdə döyüşə atılıb) qısa, lakin mənalı ömür yolu xatırlanıb, onun aprel döyüşləri zamanı göstərdiyi igidliklər nəzərə çatdırılıb.
Şəhidin anası Xatirə xanım Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva ilə görüşünü yada salıb, dövlətimizin başçısından və Müdafiə Nazirliyinin rəhbərliyindən həmişə qayğı gördüyünü deyib.
Əməkdar İncəsənət Xadimi A.Qurbaninin erməni vandalizminin qurbanı Zəhraya həsr etdiyi elegiya tədbir iştirakçılarında duyğulu anlar yaşatmaqla yanaşı, onların bu nahaq qanın yerdə qalmayacağına, günahsız insanların qisasının alınacağına, torpaqlarımızın tezliklə işğaldan azad ediləcəyinə inamını daha da artırıb.
Tədbirdə beynəlxalq təşkilatlardan Azərbaycanın dinc əhalisinə, o cümlədən uşaqlara, qocalara, qadınlara qarşı dəfələrlə insanlığa yaraşmayan vəhşiliklər etmiş təcavüzkar Ermənistana qarşı sərt sanksiyalar tətbiq etmələri tələb olunub.
Ermənistan tərəfindən məqsədyönlü şəkildə yenidən planlaşdırılan təxribatın qarşısının və Alxanlı kəndində həlak olan dinc sakinlərin qisasının Silahlı Qüvvələrimiz tərəfindən alınaraq düşmən hədəflərinə dəqiq atəş zərbələri endirilməsi barədə Müdafiə Nazirliyindən verilən xəbər iştirakçıların alqışlarına səbəb olub.
Tədbir “Biz gedirik Qarabağa!” adlı ədəbi-musiqili kompozisiya ilə başa çatıb.