CƏMİYYƏT
Pirotexniki məmulatların qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb
Bakı, 13 dekabr, AZƏRTAC
Balakən Gömrük İdarəsinin “Mazimçay” gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Opel Vectra” markalı nəqliyyat vasitəsinə “Arçi” ləqəbli kinoloji xidmət iti tətbiq edilməklə gömrük baxışı keçirilib.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, itin reaksiyasına əsasən yoxlama zamanı avtomobilin gizli saxlanc yerlərindən 1856 ədəd pirotexniki məmulatlar aşkar olunub.
Daha bir oxşar hadisə nəticəsində Balakən Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında “Mazimçay” gömrük postunda Gürcüstandan Azərbaycana gələn digər Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Mercedes-Benz” markalı nəqliyyat vasitəsinin hər dörd qapısının içərisindəki boşluqlardan isə 2540 ədəd petarda tipli pirotexniki məmulatlar aşkar edilib.
Hər iki faktla bağlı araşdırma aparılır.