CƏMİYYƏT
“Pirsaat” burnu hissəsində tapılmış kişi meyiti itkin düşmüş neftçiyə məxsusdur
Bakı, 20 fevral, AZƏRTAC
Fevralın 17-də saat 17:20 radələrində dənizin “Pirsaat” burnu hissəsində sahildən 1 mil aralı məsafədə tapılan kişi meyitinin, "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 1 saylı neft qaz çıxartma sahəsinin əmtəə operatoru vəzifəsində çalışmış 1957–ci il təvəllüdlü Qurbanov Vidadi Cümşüd oğluna məxsus olduğu rəsmən təsdiq edilib. Mərhumun meyiti ailəsinə təhvil veriləcək.
Xəbəri AZƏRTAC-a “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 16 dekabr 2016-cı il tarixli Sərəncamına əsasən Dövlət Dəniz Administrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan qərargahdan veriblər. Həmçinin bildirilib ki, qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.