CƏMİYYƏT
“Pirsaat” qəsəbəsində sahildən tapılan cəsədin itkin düşən neftçilərə aid olub-olmaması müəyyənləşdirilir
Bakı, 18 fevral, AZƏRTAC
“Pirsaat” qəsəbəsində dənizdə sahildən tapılan cəsədin itkin düşən neftçilərə aid olub-olmaması müəyyənləşdirilir.
“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 2016-cı 16 dekabr il tarixli Sərəncamına əsasən Dövlət Dəniz Administrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargahdan AZƏRTAC-a bildirilib ki, təsdiq edilən plana uyğun olaraq müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Həyata keçirilən axtarış–xilasetmə əməliyyatları nəticəsində fevralın 17-də saat 17:20 radələrində Qaradağ rayonu “Pirsaat” qəsəbəsi ərazisində dənizdə sahildən 1 mil aralı məsafədə şəxsiyyəti naməlum kişi meyiti aşkarlanıb.
Tapılan meyitin, “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçması zamanı itkin düşən neftçilərə aid olub-olmaması müəyyənləşdirilir. Meyitin şəxsiyyəti müəyyənləşdirildikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.