CƏMİYYƏT
Piyadanı vuraraq hadisə yerindən qaçmış sürücünün şəxsiyyəti müəyyənləşdirilib
Bakı, 6 may, AZƏRTAC
Mayın 3-də naməlum avtomobilin sürücüsü Sabunçu rayonu ərazisində hərəkətdə olarkən piyada Məmmədova Xəyalə Ənvər qızını vuraraq hadisə yerindən qaçıb. 3 saylı şəhər kliniki xəstəxanasına yerləşdirilən ağır bədən xəsarətləri almış X.Məmmədovanın həyatını xilas etmək mümkün olmayıb.
Bakı Şəhər Baş Polis İdarəsi və Şəhər prokurorluğunun AZƏRTAC-a daxil olmuş birgə məlumatında bildirilir ki, fakta görə Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci və 264-cü maddələri ilə cinayət işi başlanıb. Həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Porsche” markalı 99-BS-999 dövlət nömrə nişanlı avtomobili idarə edən azyaşlı Adil Məmmədov (ad və soyad şərtidir) tərəfindən törədildiyi müəyyənləşdirilib.
Cinayət işi həmin Məcəllənin 263-1.3-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələrinə tövsif edilib.
Cinayət məsuliyyətinə cəlb olunması üçün Azərbaycan Respublikasının cinayət qanunvericiliyində nəzərdə tutulmuş yaş həddinə çatmamış A.Məmmədovun qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsi barədə müvafiq tədbirlərin görülməsi təmin ediləcək.
Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs - Nadir Məmmədov (ad və soyad şərtidir) tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarə etmə hüququ olmayan şəxsə - azyaşlı oğluna verdiyinə görə barəsində İnzibati Xətalar Məcəlləsinin 335.3-cü maddəsində nəzərdə tutulan inzibati tənbeh tətbiq edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.