DÜNYA
Planetin "təmiz enerji" ilə təmin edilməsi üzrə səmərəli texnologiyalara sərmayə qoyulacaq
Bakı, 30 noyabr, AZƏRTAC
Dünyanın bir sıra nəhəng texnologiya şirkətləri planetin "təmiz enerji" ilə təmin edilməsi üçün etibarlı və səmərəli texnologiyaların tədqiqinə sərmayə qoymaq üçün birləşib. Bu məqsədlə birləşmiş məşhur iş adamlarından ibarət qrup “Breakthrough Energy Coalition” adlandırılıb. “Facebook”un rəhbəri Mark Zukerberq, “Microsoft”un yaradıcısı Bill Qeyts, “Amazon” internet şirkətinin direktoru Ceff Bezos, “Alibaba Group”un qurucusu Cek Ma, həmçinin “Virgin Group” korporasiyasının təsisçisi Riçard Brenson bu qrupun iştirakçıları sırasındadırlar.
AZƏRTAC “gazeta.ru” saytına istinadən xəbər verir ki, ilkin mərhələlərdə bu qrup elektrik enerjisinin istehsalına, onun saxlanılmasına, nəqlinə və istehsalının səmərəliliyinin yüksəldilməsinə sərmayə yatıracaq. İş adamları gələcəkdə innovativ ideyaları geniş təbliğ edəcək investorların cəlbini planlaşdırırlar.
“Breakthrough Energy Coalition” qrupunun əsas məqsədlərindən biri qlobal istiləşmənin qarşısını almaq və yoxsul ölkələri elektrik enerjisi ilə təmin etməkdir.