MƏDƏNİYYƏT


Plastikanın fəlsəfi qatı
Gənc heykəltəraş İmran Mehdiyevin yaradıcılıq axtarışları...

A+ A

Bakı, 14 yanvar, AZƏRTAC

Yaradıcılıq axtarışlarını yaddaqalan bədii tutumda əyaniləşdirmək təsviri sənətin hər bir növündə, xüsusilə də heykəltəraşlıqda çox mürəkkəb məsələdir. Təkcə müstəqillik dövründə paytaxtımızda ictimailəşən müxtəlif tutumlu abidələrin birmənalı qarşılanmaması da dediklərimizi təsdiqləyir. Bu gün tamaşaçıların orijinal biçimli abidələrin həsrətində olduqlarını desək, yanılmarıq. Onların görünməməsi heç də respublikamızda onları yarada biləcək sənətkarların yoxluğunun göstəricisi deyil. Sadəcə heykəltəraşlıq məkanımızın gəncləşməyə meylli olmamasındandır ki, ictimaiyyət yetişməkdə olan yeni nəsli yaxşı tanımır, malik olduğumuz yaradıcı potensialdan da görə bilmir. Elə keçən il Xurşudbanu Natəvanın (müəllifi İmran Mehdiyev) Belçikanın Vaterloo şəhərində, Bəhruz bəy Kəngərlinin isə Naxçıvanda ucaldılan abidəsinin (müəllifi Rahib Qarayev) müəlliflərinin Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müdavimlərinin olması da ölkəmizdə istedadlı gənclərin mövcudluğunu təsdiqləyir. Ötən il oxucularımızı R.Qarayevin yaradıcılığı ilə tanış etmişdik, bu gün isə növbə İmran Mehdiyevindir...

Tanışlıq üçün deyək ki, o, 1991-ci ildə Bakıda dünyaya göz açıb. Əvvəlcə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının bakalavr (2009-2013), sonra isə magistr (20013-2015) pilləsində oxuyub. Heykəltəraşlığın sirlərini məşhur tişə ustaları Ö.Eldarov, F.Salayev, A.Əsgərov, Z.İsgəndərov və S.Süleymanovadan öyrənib. Hazırda həmin təhsil ocağının doktorantıdır. Yaradıcılıqla yanaşı “Heykəltəraş Həyat Abdullayevanın yaradıcılığında lirik təmayüllər” mövzusunda dissertasiya yazır...

Onun ictimailəşməyə layiq ola biləcək yaradıcı potensialı hələ Akademiyanın ikinci kursunda üzə çıxıb. İmranın hazırladığı “Müslüm Maqomayevin portreti” əsərinin Bakıda - dünya şöhrətli məşhur həmyerlimizin adını daşıyan 26 nömrəli musiqi məktəbində yer alması bunun əyani nümayişi olmuşdur. Bu əsərdə gənc heykəltəraş görkəmli müğənninin zahiri oxşarlığını əldə etməklə kifayətlənməyərək, plastik tutumu obrazlaşmış portretə çevirməyə nail olmuşdur. Müslüm Maqomayevin çiynindən asılmış çələngin müəllif tərəfindən onun sənətinin məkansızlığa və zamansızlığa qovuşmasına işarə kimi düşünülməsi də çox məntiqlidir. Qənaətimizcə, bu əsərin çox orijinal, daha dəqiq desək, girintili-çıxıntılı kürsüyə malik olmasını və bir qədər statik görünən portretə oynaqlıq gətirməsini də gənc tişə ustasının uğurlu bədii tapıntısı saymaq olar. Bəyaz şaquli kürsünün mərkəzində - qara mərmər üzərində nəfis xətlə yazılmış “Müslüm Maqomayev” sözləri də diqqətçəkənliyi ilə seçilməklə, ümumi auraya özünəməxsusluq bəxş edir, desək, yanılmarıq...

Təhsil illərində təcrübəli müəllimlərindən öyrəndiklərini boş vaxtlarında müstəqil kompozisiyalarda – dəzgah plastikası nümunələrində ayrı-ayrı mövzuların plastik tutum alması ilə əyaniləşdirən İmran, müstəqilliyimizin son bir neçə ilində müxtəlif miqyaslı sərgi və simpoziumların iştirakçısı olub. Belə sənət imtahanlarını özü üçün məhək daşı hesab edən, özünə kənardan baxmaqla başqa həmkarları ilə müqayisə edən gənc heykəltəraş həmin yarışmalardan düzgün nəticələr çıxarmağa nail olub. Onun davamlı olaraq ərsəyə gətirdiyi kompozisiyalarda baş verən dəyişikliklər, ifadə olunan yeni estetik dəyərlər də bunun təsdiqidir. 2011-ci ildə Moskvadakı məşhur Burqanov Mərkəzinin keçirdiyi beynəlxalq simpoziumda respublikamızı şərəflə təmsil edən İmran Mehdiyevin qısa müddətdə hazırladığı və diploma layiq görülən “Qız portreti” məhz belə əsərlərdəndir.

O, ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş “Neft Azərbaycanın sərvətidir” sərgi-müsabiqəsində (2013) də hazırladığı “Vətən torpağı” əsərinə görə mükafata layiq görülüb. Hazırda Neft Fondunda saxlanan əsərdə torpaq və onun malik olduğu təbii sərvət obrazlı görkəmdə qoşalaşdırıldığından münsiflər heyətinin marağına səbəb olmuşdu.

Elə həmin ildə onun Bakıda keçirilən “Sərhədsiz incəsənət” (Azərbaycan-Türkiyə, 2013) beynəlxalq simpoziumunda nümayiş olunan “Nirvana” adlı kompozisiyası da sənətsevərlərlə yanaşı, tələbkar həmkarlarının da diqqətini çəkmişdi. Doğrudan da gənc müəllifin Şərq dini düşüncəsində “əzablardan azad olma və uca məqsədə yüksəlmə” fikrini ehtiva edən bu terminə plastik görkəm verməsi çox orijinal idi. Bu fikrin açımına bədii-plastik görkəm verən İmran, onu təsviri sənət məkanının adamı timsalında yozmaqla, xilas olan və məqsədinə doğru pillə-pillə addımlayan kimi yaradıcı gənc qızı təsvir edib. Qızın rəssam çərçivələrini özünə dayaq seçməklə tədricən ucalmasının plastik yozumunda - bədii şərhində romantik-fəlsəfi çaların qabarıqlığı duyulandır. Obrazın özünə inamlı duruşunda bütün çətinliklərin arxada qalmasına inam hiss olunmaqdadır...

2013-cü ildə diplom işi olaraq işlədiyi “Gəncəli Cavad xan” əsərinin maraqla qarşılanması həmin ilin yaradıcılıq baxımından onun üçün uğurlu keçdiyinin daha bir təsdiqi oldu. Gəncə xanlığının sonuncu hökmdarının ömür yolunu dərindən öyrənən İmran onu düşündürücü bir pozada təsvir etmişdir. Gənc heykəltəraşın təqdimatında Cavad xan (1748-1804) rus generalı P.Sisianovdan məktub aldığı anda görüntüyə gətirilib və aldığı döyüş pozası da cavab kimi qəbul olunur. Düşmənin təslim olmaq təklifindən imtina etdiyi əli qılınclı duruşundan hiss olunan qəhrəman sərkərdə qürurlu bir vəziyyətdə plastik görkəm almışdır. Gəncəli xanın qürur dolu pozasında əzmkarlıq, düşmənə təslim olmaqdan uzaq olan bir bədii-psixoloji durum hiss olunmaqdadır. Qənaətimizcə, onun materiala köçürülmüş iri variantının ictimailəşdirilməsi qəhrəmanlıq tariximizin təbliği sahəsində mühüm addım olardı...

Azərbaycan tarixinin uzaq-yaxın səhifələrinə özünəməxsus bədii görkəm vermək gənc yaradıcının ümdə arzularındadır. Onun Xocalı faciəsi qurbanlarına həsr etdiyi “Donmuş” əsəri də belə plastik nümunələrdəndir. Yarıçılpaq kişi fiqurunun müdhiş fevral gecəsində tuş gəldiyi ağrılarla baş-başa qaldığı bu əsərdə aydın duyulur. Şaquli kompozisiyanın axıcı-dramatik ritmini fəciliyin qabardılmasına yönəltməyi bacaran istedadlı tişə ustası, hadisə qurbanının obrazını yaratmaqla, əsərin cəlbedici və təsirli tutum almasına nail olmuşdur.

2015-ci ilin də İmran Mehdiyev üçün yaddaqalan olmasını söyləmək olar. Həmin ildə o, gənc Azərbaycan rəssamlarının Belçikada keçirilən sərgisində Xurşudbanu Natəvanla bağlı kompozisiya ilə iştirak etməklə yanaşı, Bakıda təhsilin magistr pilləsini bitirdi. Onun məşhur Adəm və Həvva tarixçəsinə fəlsəfi münasibətilə seçilən ikifiqurlu diplom işi özünəməxsus bədii-estetik məziyyətləri ilə seçilir. İki gəncin üz-üzə qalan, baxışları bir-birinə zillənmiş pozalarında baş verənlərin günah və yaxud da günahsızlıq kimi qəbul etmələrindən uzaq olan bir mənəvi-psixoloji durum yaşanmaqdadır...

Onun Belçikada göstərilən əsəri isə sözün əsl mənasında sənətkarın yaradıcılığında dərin iz qoyacaq bir hadisə üçün təkanverici rol oynadı. Belə ki, o vaxt yaxın gələcəkdə Natəvana həsr olunmuş abidənin Belçikada ucaldılmasına qərar verildi. Heydər Əliyev Fondunun dəstəyi ilə baş tutan bu layihə 2016-cı ildə gerçəkləşdi. Tunc abidənin Belçikanın məşhur Vaterloo şəhərində təntənəli açılışı baş tutdu... Düşüncələrlə baş-başa qalmış vəziyyətdə təqdim olunmuş şairənin obrazı, yaradıcılığı həyat sarsıntıları ilə qoşalaşan “Xan qızı”nın fəlsəfi tutumlu-təzadlı hekayəti kimi qəbul olunur. Gənc heykəltəraşın fiqurun arxasındakı vərəqləri əhatələmiş iki formanı qanad rəmzi kim həll etməsi isə, müəllifin şairəni ilham pərisi kimi görmək istəyinin ifadəsidir...

Gənc heykəltəraşın “Düyməli qız”, “Balerina”, “Düşüncə”, Musiqi” və s. dəzgah heykəltəraşlığı nümunələrində də plastikanın müxtəlif qatlarında hifz olunan gözəllik qaynaqlarını üzə çıxarmaq, bir çox hallarda onları fəlsəfi mənaya bələmək istəyi duyulur. Elə onun müxtəlif mövzulu əsərlərini başqalarından fərqləndirən də gənc müəllifin tamaşaçısını düşündürməyə səy göstərməsi, plastik nümunəni dialoq vasitəsinə çevirməsidir. Belə işlərin arzulanan məkansızlığa və zamansızlığa qovuşması isə birmənalıdır...

Ziyadxan Əliyev

Əməkdar İncəsənət Xadimi,

sənətşünaslıq üzrə fəlsəfə doktoru

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.