REGİONLAR
Plenum iştirakçıları Naxçıvan şəhərində Heydər Əliyev Muzeyini ziyarət ediblər
Naxçıvan, 19 dekabr, Rauf Əliyev, AZƏRTAC
Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin II Plenumunun iştirakçıları xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, Heydər Əliyev Muzeyində olublar.
AZƏRTAC xəbər verir ki, muzeylə tanışlıq zamanı qonaqlara onun fondunda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən 4 min 500-dən çox eksponat toplandığı bildirilib.
Qeyd olunub ki, muzeydəki eksponatların hər biri ayrı-ayrılıqda elmi-tədqiqat mövzusudur. Azərbaycanın müasir dövlətçilik tarixi və Ümummilli Liderimizin siyasi irsinin tədqiqatçıları burada elmi axtarışlar üçün dəyərli məlumatlar əldə edirlər. Burada kitabxana yaradılıb, Ulu Öndərimiz haqqında çəkilmiş filmləri seyr etmək üçün televizor və videomaqnitofon yerləşdirilib, kompyuter dəstləri quraşdırılıb, muzeyin internet saytı yaradılıb. Muzeydə nümayiş etdirilən eksponatlar dahi rəhbər Heydər Əliyevin ictimai-siyasi fəaliyyətini, keçdiyi şərəfli həyat yolunu özündə əks etdirən kitab, qəzet və jurnallardan, 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı və Ali Məclisin Sədri kimi işləyib hazırladığı, qəbul etdiyi tarixi qərar və sərəncamlardan, imzalanmış protokol və müqavilələrdən, məktub və teleqramlardan, istifadə etdiyi xatirə əşyalarından, Ulu Öndərin şərəfinə toxunmuş xalçalardan, çəkilmiş portretlərdən, tarixi fotolardan və sənədli filmlərdən ibarətdir.
Muzeydə zəngin fond materialları, orijinal sənədlər və eksponatlarla dahi rəhbərin mənalı həyatı, xalqımızın rifahı, xoş gələcəyi naminə fəaliyyətinin ayrı-ayrı dövrləri, mərhələləri işıqlandırılıb, hər mərhələ, hər bir tarixi hadisə ilə bağlı dahi şəxsiyyətin fikirləri, seçilmiş müdrik, nəsihətamiz kəlamları ekspozisiyada öz əksini tapıb.
Sonra Plenumun iştirakçıları Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinə gəliblər. Onlar Birliyin Bəhruz Kəngərli adına sərgi salonunda memarlıq abidələrinin fotoşəkillərindən, həmçinin naxçıvanlı rəssamların rəsm əsərlərindən ibarət sərgiyə baxıblar.
Qeyd edək ki, sərgidə Bakı şəhərindən 76, Naxçıvan Muxtar Respublikasından isə 32 adda yeni tikilən və tikilməsi nəzərdə tutulan müasir memarlıq üslubu ilə seçilən binaların şəkilləri, həmçinin 12 naxçıvanlı rəssamın 50-yə yaxın rəsm əsəri nümayiş olunub.