MƏDƏNİYYƏT
Poçt markaları üzərində “Romantik muğam”
Bakı, 3 mart, AZƏRTAC
Xəbər verdiyimiz kimi, “Romantik muğam” rəsmi ilk dəfə olaraq 2013-cü ildə rəssam Çingiz Mehbalıyevin Macarıstanın paytaxtı Budapeştdə keçirilən fərdi rəsm sərgisində nümayiş etdirilib. Sərgidən sonra bu rəsm əsəri Macarıstan Poçt İdarəsi tərəfindən həmin ölkənin poçt markalarının üzərində çap olunub.
AZƏRTAC xəbər verir ki, rəssam Ç.Mehbaliyev çəkdiyi “Romantik muğam” rəsmində əks etdirdiyi mənaları mətbuata açıqlayıb.
Bildirib ki, rəsmdə “əriyib” bir-birinə qarışan 3 musiqi aləti - tar, qaval və kamança təsvir olunub. Tar qavalın üstünə aşmış, kamança isə qavala söykənmişdir. Qaval “əriyib” xalçanın üstünə axır. Kamançanın üzərində şam yanır, digər tərəfdə isə uçuşan pərvanə təsvir olunub.
Rəssam əsərin ideyasının necə yaranması barədə danışarkən deyib: “Muğamı dinləyən qoca bir kişini müşahidə edən zaman bu ideya ağlıma gəldi və dərhal onun eskizini çəkdim. Həmin qoca kişi muğamı dinləyərkən gözlərini yumub xəyallara dalmışdı. Onun öz gəncliyini xatırladığını açıq-aşkar hiss edirdim. Qoca başını çiyninə qoyub gözlərini yummuşdu. Muğam onu çox uzaqlara aparmışdı..... Bu zaman mənzərəyə sürrealist nəzər saldım. Həmin kişi mənim gözümdə eşqdən əyirib gedən romantik muğam kimi göründü”.
Rəsmdə təsvir olunan milli musiqi alətləri sanki, baş-başa verib bir-birinə sığınmış kimi görünür. Kamançanın üzərində yanan şam və əks tərəfdə uçuşan pərvanə isə eşq rəmzidir. Amma onlar bir-birilərindən ayrı düşüblər.
Rəsmdəki “əriyən” muğam alətləri muğam dinləyən, nostalji və romantik hisslər yaşayan yaşlı nəsli özündə əks etdirir. Sanki muğam özü də “əriyərək” dinləyicilərin ruhuna hopur.