MƏDƏNİYYƏT
Poeziyanın inkişafına və problemlərinə həsr olunmuş “dəyirmi masa” keçirilib
Bakı, 10 fevral, AZƏRTAC
“Azərbaycan” jurnalında poeziyanın inkişafına və problemlərinə həsr olunmuş “dəyirmi masa” keçirilib.
“Dəyirmi masa”da çağdaş poeziyamızda mövcud mənzərənin mahiyyətini açmaq, xüsusilə 90-cı illərdən sonra bu sahədə nələrin qazanıldığını, itirildiyini və unudulduğunu dilə gətirmək, həmçinin poeziyaya necə bir gəncliyin gəldiyini aydınlaşdırmaq məqsədi güdüb.
Müzakirələr zamanı toxunulan Vətən mövzusu isə poeziyanın əzəli və əbədi tərənnüm obyekti olaraq qalır. Bildirilib ki, qəlbən şair olan Vətən sevgisinə təkrarsız bədii çalar tapacaq. Məgər zəmanə dəyişəndə Vətənə sevgi hissi də dəyişməlidir? Bu günün şairi böyük Abbas Səhhətin “Könlümün sevgili-məhbubi mənim, vətənimdir, vətənimdir, vətənim” fikrinə nihilistcəsinə, qərəzli yanaşırsa və onda “gərəksiz romantika və sentimentallıq” axtarırsa, bu, onun faciəsidir.
Yekdil rəy bu olub ki, ötən əsrin 30-cu illərindən başlayaraq, 90-cı illərin əvvəllərinədək yazıçı-şairlərimizin bir-birinin ardınca gələn hər yeni nəsli özündən əvvəlkini inkar etməyib, əksinə onların yaratdıqları ədəbi irsə hörmətlə yanaşıb, öyrənib, lakin təkrarlamayıb, daha da qabağa getməyə və öz yolunu seçməyə çalışıb.
Tədbirdə yaradıcı gənclərə göstərilən diqqət və qayğıdan da söz açılıb.