ELM VƏ TƏHSİL
“Poisk” qəzetinin nümayəndələri “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin fəaliyyəti ilə tanış olub
Bakı, 24 iyun, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktoru, akademik Tofiq Nağıyev Rusiya Elmlər Akademiyasının “Poisk” qəzeti baş redaktorunun birinci müavini Yelizaveta Ponarina ilə görüşüb.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, əvvəlcə akademik T.Nağıyev Azərbaycan Milli Ensiklopediyasının “Azərbaycan” xüsusi cildi barədə məlumat verib. Bildirilib ki, 2007-ci ildə Azərbaycan və rus dillərində çap edilən, qədim vaxtlardan başlayaraq müasir dövrü əhatə edən nəşrə 160 oçerk daxildir. Xalqımızın təşəkkül prosesi, etnogenez məsələləri, beş minillik dövlətçilik tarixi, Azərbaycan xalqına qarşı zaman-zaman həyata keçirilmiş soyqırımlar cilddə elmi şərhini tapıb.
Akademik xüsusi cildin hazırlanmasında Prezident İlham Əliyevin çox böyük rolunun olduğunu vurğulayıb. Qeyd olunub ki, dövlətimizin başçısının tapşırığı ilə nəşrdə faktların dəqiqliyinə xüsusi diqqət göstərilib, ensiklopediya prinsiplərinə əməl edilib, heç bir tərif və təhrifə yol verilməyib. İyirmi beş min nüsxə tirajla çap olunan Azərbaycan Milli Ensiklopediyasının ölkə kitabxanalarına, idarə, müəssisə və təşkilatlara paylanıldığını diqqətə çatdıran T.Nağıyev kitabın Azərbaycan haqqında bu günədək analoqu olmayan yeni və bitkin nəşr olduğunu söyləyib.
Alim bildirib ki, tariximizin yeni mərhələsi olan müstəqillik dövrü kitabda ensiklopedik tərzdə işıqlandırılıb, bu barədə oxucuya obyektiv məlumat verilib. Qeyd edilib ki, universal ensiklopediyanın ilk üç cildinin hər birində təxminən 2800-dən 3500-dək termin vardır ki, hər bir terminin də elmi əsaslarla izahı verilib. Xüsusi cilddə, həmçinin müasir mərhələdə Azərbaycan iqtisadiyyatının prioritet istiqamətləri, onun dayanıqlı inkişafını təmin edən amillər, ölkədə həyata keçirilən kompleks tədbirlər barədə materiallar yer alıb.
Görüşdə tərəflər arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Akademik T.Nağıyev qonağa Azərbaycan Milli Ensiklopediyasının “Azərbaycan” xüsusi cildini hədiyyə edib.