REGİONLAR


Polad Bülbüloğlu: Qəbələ festivalının təməli yaxşı qoyulub, uğurları inkişaf etdirmək lazımdır VİDEO

A+ A

Qəbələ, 31 iyul, Şahnəzər Bəşirov, AZƏRTAC

Qəbələ Beynəlxalq Musiqi Festivalının təməli yaxşı qoyulub və əldə olunan uğurları inkişaf etdirmək lazımdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində VIII Qəbələ Beynəlxalq Musiqi Festivalının xüsusi qonağı olan bəstəkar və müğənni, Xalq Artisti və Əməkdar İncəsənət Xadimi, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib. Qəbələ Beynəlxalq Musiqi Festivalının əhəmiyyətindən danışan Polad Bülbüloğlu belə bir musiqi bayramının təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təşəkkürünü bildirib. O, Qəbələ səhnəsinə oğlu, gənc dirijor Murtuza Bülbülün rəhbərlik etdiyi Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə çıxdığını, yerli və xarici tamaşaçılar qarşısında xalq və bəstəkar musiqilərini səsləndirdiyini, buna görə özünü xoşbəxt hesab etdiyini qeyd edib.

“Bu festivalın böyük potensialı var. Hətta deyərdim ki, gözəl təbiət qoynunda ənənəvi olaraq keçirilən bu festivalı parlaq gələcək gözləyir. Özünüz də görürsünüz ki, ötən 8 ildə böyük uğurlar əldə olunub”, – deyə Polad Bülbüloğlu bildirib.

O qeyd edib ki, Qəbələ festivalı artıq dünyada tanınır və qəbul olunur: “Bu musiqi tədbirində iştirak etmək bir çox musiqiçilərin arzusuna çevrilib və onlar dəvət gözləyirlər. Dünyanın tanınmış musiqiçiləri, solistləri Qəbələ səhnəsində konsert verirlər. Bu, böyük uğurdur. Təbii ki, həmin əcnəbi musiqiçilər öz ölkələrinə qayıdanda Azərbaycan barədə, Qəbələ haqqında danışırlar. Bu da Azərbaycanın dünyada daha da tanınmasına kömək edir. Hazırda bir çox ölkələrdə bu cür böyük tədbirlərin təşkili üçün bəzən maliyyə məsələləri ilə bağlı müəyyən çətinliklər olur, amma Qəbələ Beynəlxalq Musiqi Festivalı kimi mühüm tədbirləri mütləq qoruyub saxlamaq və yaşatmaq lazımdır. Çünki musiqi aləmində bu, böyük bayramdır. Azərbaycanın paytaxtdan və bölgələrindən insanlar bu festivalın konsertlərinə gəlirlər. Qəbələdə dincələn xarici turistlərin axşamlar klassik musiqi dinləmək üçün necə həvəslə festivala gəldiyini görürəm. İnanıram ki, bu festival hələ uzun illər yaşayacaq və böyük uğurlar əldə edəcək”.

Atası ilə birgə Qəbələ festivalında uğurlu çıxışına görə çox sevindiyini deyən gənc dirijor Murtuza Bülbül tədbirin gözəl təşkil edildiyini, səhnənin tərtibatını, orkestrin çıxışını bəyəndiyini qeyd edib. Babasının və atasının musiqi sahəsindəki yolunu davam etdirəcəyini vurğulayan Murtuza Bülbül Moskvada dirijorluq üzrə məktəbə daxil olduğunu, sentyabrdan isə təhsil almağa başlayacağını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.