MƏDƏNİYYƏT


Polad Bülbüloğlu: UNESCO ilə əl-ələ Afrika naminə davamlı sülh yolunda

Paris, 28 iyun, AZƏRTAC

Fransız dilli http://www.afrik.com saytında Azərbaycanın Rusiyadakı səfiri, UNESCO baş direktoru vəzifəsinə namizəd Polad Bülbüloğlunun “UNESCO ilə əl-ələ Afrika naminə davamlı sülh yolunda” adlı məqaləsi dərc olunub.

Müəllif bildirib ki, UNESCO sülh və sülh mədəniyyəti istiqamətində fəaliyyət göstərən bir təşkilatdır. UNESCO-nun baş direktoru vəzifəsinə seçildiyim təqdirdə bütün enerjimi, eləcə də bütün sülh mədəniyyəti tərəfdaşlarını səfərbər edərək Afrikada sülh naminə fəaliyyət göstərəcəyəm. Sülh mədəniyyəti xalqları birləşdirən, əvəzolunmaz sərvət kimi qəbul edilməlidir. O, bütün dünya vətəndaşlarının xoşbəxt mədəniyyət müxtəlifliyinin rəmzi olmalıdır. Afrikada zorakılığa qarşı olmalı, insan hüquqlarının müdafiəsinə və daha güclü, stabil və dinc Afrika yaratmaq iradəsinə xidmət etməlidir.

O, Şarl dö Qolun sülhlə bağlı fikrinə istinad edib: “Sülhü yaradan xalqların bir-birini anlamasıdır. Siyasi rejimlər keçib gedir, daimi olan isə xalqlardır”.

Afrika qitəsinə dəstəyin UNESCO üçün prioritet olduğunu qeyd edən müəllif bildirilib ki, beynəlxalq ictimaiyyətin dəstəyindən bəhrələnən Afrika qitəsində göstərilən səylər nəticəsində münaqişələr əvvəlki illərlə müqayisədə səngisə də, hələ görülməli çox işlər var.

P. Bülbüloğlu diqqətə çatdırıb ki, Afrika İttifaqı bir çox institutların yaranması və artan silahlı münaqişələrin qarşısının alınması istiqamətində çoxsaylı proseslərin başlamasına imkan yaradıb.

Afrika İttifaqının 2063-cü il gündəliyində əsas məqsəd 2020-ci ilə qədər qitədə silahlı münaqişələrə tamamilə son qoymaq, təhsilə, mədəniyyətə, davamlı inkişafa, siyasi birliyə əsaslanan tərəqqiyə, sosial rifaha nail olmaqdır.

P. Bülbüloğlu məqalədə münaqişələrdən yayınmaq üçün dialoq və mədəniyyətin gücünü dəfələrlə qeyd edib. O, Afrika İttifaqının Sülh və Təhlükəsizlik Şurasının “Sülh yaradaq” adlı kampaniyası çərçivəsində bütün vətəndaşları davamlı sülhə töhfə verməyə və hər il sentyabrın 21-ni Sülh Günü kimi qeyd etməyə təşviq etmək təşəbbüsünü alqışlayıb.

Afrika İttifaqı Komissiyasının sədri Mussa Faki Mahamatın Avropa Parlamentindəki çıxışına toxunaraq, İttifaqın bütün səylərini yorulmadan sülhün bərqərar olmasına həsr edəcəyini diqqətə çatdırıb.

Bildirib ki, Azərbaycan fanatizmin qarşısının alınmasında təhsilin gücünə inanır. Ölkəmiz Afrika qitəsində, xüsusilə də, Kenya, Tanzaniya, Uqanda və Liberiyada təhsilin təşviqi istiqamətində UNESCO-nun layihələrinə dəstək verib. Azərbaycan Beynəlxalq İnkişaf Agentliyi (AİDA) humanitar yardım layihələrinə qoşulub və Afrika ölkələrinin inkişafına töhfə verib.

Yazıda vurğulanıb ki, cari ilin may ayında IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Efiopiya, Mali və Ruandanın birinci xanimları iştirak edib. Forum “Dinc və davamlı cəmiyyət” naminə qızların təhsilinin əhəmiyyətini qeyd edərək, dünya miqyasında bu istiqamətdə humanitar yardımların göstərilməsinə çağırış edib. Bütün bunların Azərbaycanın Afrikanın inkişafı naminə səylərini əks etdirdiyi diqqətə çatdırılıb.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.