REGİONLAR
Poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyinin qalibləri məlum olub
Astara, 9 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Astara şəhər 3 nömrəli tam orta məktəbdə orta-ixtisas və ümumtəhsil məktəbləri arasında “Vətənin müdafiəsinə hazıram!” devizi ilə poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, gəncləri ordu sıralarına hazırlamaq, onların əxlaqi-mənəvi və vətənpərvərlik tərbiyəsini yüksəltmək, fiziki hazırlıq səviyyəsini müəyyən etmək məqsədilə keçirilən yarışda 11 komanda qələbə uğrunda mübarizə aparıb.
İki gün davam edən yarışın yekunlarına görə, Astara şəhər 2 nömrəli tam orta məktəbin komandası 440 xalla birinci, Astara Pedaqoji Kollecinin “APK-2” komandası 408 xalla ikinci, Ərçivan qəsəbə 4 nömrəli tam orta məktəbin komandası 373 xalla üçüncü yerləri tutub.
Qalib komandaların idmançıları rayon gənclər və idman idarəsinin, təhsil şöbəsinin diplomları və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.