ELM VƏ TƏHSİL
Polimer Materialları İnstitutunun 50 illik yubileyinə həsr olunan konfrans keçiriləcək
Bakı, 17 oktyabr, AZƏRTAC
Oktyabrın 20-21-də Sumqayıt Dövlət Universitetində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Polimer Materialları İnstitutunun 50 illik yubileyinə həsr olunan “Makromolekullar kimyası, üzvi sintez və kompozit materiallar” mövzusunda respublika elmi konfransı keçiriləcək.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə “Funksional monomerlərin, oliqomerlərin və polimerlərin yeni sintez üsulları və xassələri, polimerlərin modifikasiyası”, “Xüsusi təyinatlı polimer materiallar, polimerləşmə və polimer katalizi, polimer quruluşlu qeyri-üzvi birləşmələr”, “Polimer (nano) kompozisiya materialları, polimerlərin emalı və tətbiqi”, “Polimer materiallarının ekoloji problemləri, neft emalında, neft-kimya proseslərində və ətraf mühitin qorunmasında istifadə olunan oliqomer və polimer reagentlər” bölmələri üzrə məruzələr dinləniləcək.