MƏDƏNİYYƏT
Polina Qaqarina: Çox xoşbəxtəm ki, finaldayam VİDEO
Vyana, 22 may, AZƏRTAC
“Eurovision-2015” mahnı müsabiqəsinin final mərhələsinə vəsiqə qazandığım üçün çox şadam. Belə nüfuzlu yarışmada təmsil olunmaq böyük şərəfdir.
Bu sözləri “Eurovision-2015” mahnı müsabiqəsində Rusiyanın təmsilçisi Polina Qaqarina AZƏRTAC-ın müxbirinə müsahibəsində deyib.
Yarışmada qalibiyyətin deyil, iştirakın əsas olduğunu bildirən müğənni deyib: “Tamaşaçının səhnədə təqdim olunan performansa dəyər verməsi ifaçı üçün ən böyük uğurdur. Bu, qeyri-adi bir hissdir. Ölkəmin adının çəkilməsindən, Rusiyanı təmsil etməkdən qürur duyuram. Şübhəsiz ki, finala vəsiqə qazanmaq müğənni üçün çox vacibdir. Mənə səs verən, dəstək olan hər kəsə təşəkkür edirəm. Mənim əvəzimə həyəcan keçirən hər kəsə minnətdaram. Məqsədim burada olmaq idi. Çox xoşbəxtəm ki, finaldayam.
Bir müddət öncə Bakıya gəlmişdim. Şəhərinizin inanılmaz gözəlliyi var. Əfsuslar olsun ki, şəhərdə yağış yağırdı. Bakıdakı konsertim yüksək səviyyədə keçdi. Tamaşaçıların marağı çox böyük idi.
Şübhəsiz ki, bu və ya digər müsabiqədə qalib gəlmək üçün insanda özünəinam hissinin olması çox böyük rol oynayır. Ciddi hazırlaşdığım üçün ən yaxşı nəticələri gözləyirəm. Avropa tamaşaçısı bizi isti qəbul etdi. Xahiş edirəm ki, məni Azərbaycana dəvət edin. O əsrarəngiz gözəlliyi yenidən görüm. Mən sizin ölkəniz üçün çox darıxıram. Azərbaycana yenə gələcəyəm. Mənə səs verməyi unutmayın”.
Polina Qaqarina “Eurovision-2015” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək Elnur Hüseynovun həm ifasını, həm də mahnısını çox bəyəndiyini vurğulayıb.
İyirmi səkkiz yaşlı gənc istedadlı Polina Qaqarina “Yeni Dalğa” Beynəlxalq Musiqi Festivalının qalibi olub.
O, “Eurovision-2015” yarışmasının final mərhələsinin ikinci hissəsində “A million voices” (“Milyon səslər”) mahnısını təqdim edəcək.
Anar Rzayev
AZƏRTAC-ın müxbiri
Vyana