İDMAN
Polina Rəhimova: “Bakı-2017” Oyunlarında türkiyəli voleybolçular ən ciddi rəqiblərimizdir
Bakı, 14 may, Pərvanə Rəhimova, AZƏRTAC
Azərbaycanın voleybol üzrə qadınlardan ibarət yığma komandası Tacikistan voleybolçularına 3:0 hesabı ilə qalib gələrək, İslamiadada ikinci qələbəsini qazanıb.
Yığmamızın voleybolçusu Polina Rəhimova AZƏRTAC-a müsahibəsində İslam Həmrəyliyi Oyunları və bütövlükdə voleybol turniri barədə təəssüratlarını bölüşüb.
“Yarış atmosferinə köklənmək, zalın ab-havasını duymaq lazımdır. Üstəlik, bütün diqqəti keçirəcəyimiz oyunlara yönəltməliyik”, - deyən P.Rəhimova bildirib ki, Azərbaycan yığması bu oyunları dünya çempionatının seçmə mərhələlərinə və Avropa çempionatının final mərhələsinə hazırlıq kimi nəzərdən keçirir.
O deyib: “Arxayınlaşmaq olmaz. Əlbəttə, türkiyəli voleybolçular İslamiadada ən ciddi rəqiblərimizdir. Amma onlar birinci heyətlə çıxış etmirlər. Digər tərəfdən, bu, həm də gənc voleybolçularımız üçün şansdır. Onlar üçün hər bir top böyük əhəmiyyət daşıyır. Biz heyətin imkanlarını sınaqdan keçirəcəyik. Müxtəlif hücum elementləri hazırlamışıq. Hər birimizin öz texnikası, özünəməxsus oyun tərzi var və biz daim güclü tərəflərimizdən istifadə edirik”.