CƏMİYYƏT


Polis bir cinayətin izi ilə beş oğurluq hadisəsinin üstünü açıb

Bakı, 6 iyul, AZƏRTAC

Daxili işlər orqanları mülkiyyət əleyhinə cinayətlərin qarşısının alınması və bu tipli qanun pozuntularını törədən şəxslərin ifşası istiqamətində növbəti uğurlu əməliyyat-axtarış tədbiri keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu il martın 24-də Sulutəpə qəsəbəsindəki mənzillərdən birindən 8 min ABŞ dolları dəyərində qızıl-zinət əşyaları və televizor oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakinləri, əvvəllər məhkum olunmuş şəxslər Ramiz Abbasov və Toğrul Abbaslı saxlanılıblar.

Araşdırma zamanı məlum olub ki, R.Abbasov və T.Abbaslı gecə saatlarında qeyd edilən mənzildə işıqların yanmadığını görərək oradan oğurluq etmək qərarına gəliblər.

Saxlanılan şəxslər qızıl-zinət əşyalarını və televizoru əvvəldən tanıdıqları Nəriman adlı şəxsə dəyər-dəyməzinə satdıqlarını bildiriblər.

Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq qeyd edilən şəxslərdən qızılları və televizoru oğurluq olduğunu bilə-bilə almaqda şübhəli bilinən Bakı şəhər sakini Nəriman Kərimov da saxlanılaraq istintaqa təqdim olunub.

Saxlanılan şəxslərin ətraflarında aparılan sonrakı əməliyyat-axtarış tədbirləri zamanı müəyyənləşib ki, onlar müxtəlif vaxtlarda Xəzər rayonunun “Albalılıq” yaşayış massivində yerləşən 5 fərdi yaşayış evindən də oğurluq ediblər.

Faktlarla bağlı zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.